Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması informasiya müharibəsində gənclərin rolunu daha da artırıbdır
Müasir dövrdə müharibələr təkcə silahların toqquşması ilə aparılmır. XXI əsrin reallıqları göstərir ki, informasiya məkanı artıq ən az döyüş meydanı qədər həlledici əhəmiyyət daşıyır. Dövlətlərin milli təhlükəsizliyi, beynəlxalq imici, ictimai rəyin formalaşması məhz informasiya müharibəsində qazanılan uğurlardan asılıdır. Bu mürəkkəb və çoxşaxəli mübarizənin ön cəbhəsində isə Azərbaycan gəncliyi dayanır.
İnformasiya müharibəsi qarşı tərəfin yalan, saxta məlumatlar, təhrif olunmuş faktlar və manipulyativ üsullar vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdidir. Bu mübarizədə əsas hədəf insanların düşüncəsini çaşdırmaq, həqiqəti kölgədə qoymaq, dövlətin haqlı mövqeyini şübhə altına almaqdır. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi kontekstində uzun illər ərzində ölkəmizə qarşı sistemli dezinformasiya kampaniyaları aparılıb.
Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması informasiya müharibəsində gənclərin rolunu daha da artırıb. Azərbaycan gəncliyi müasir texnologiyalara bələdliyi, xarici dillərdə ünsiyyət bacarığı, çevik düşüncə tərzi ilə bu mübarizədə aparıcı qüvvəyə çevrilib. Onlar sosial media platformalarında, beynəlxalq forumlarda, media resurslarında ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün fəal şəkildə çalışırlar.
Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə gənclərin informasiya cəbhəsində göstərdiyi birlik və fəallıq diqqətəlayiq oldu. Sosial şəbəkələrdə aparılan məqsədyönlü fəaliyyət, faktlara əsaslanan paylaşımlar, beynəlxalq auditoriyaya yönəlmiş çağırışlar Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynadı.
Azərbaycan gəncliyinin informasiya müharibəsində əsas silahı həqiqətdir. Tarixi sənədlərə, beynəlxalq hüquq normalarına, rəsmi mənbələrə əsaslanan məlumatların paylaşılması dezinformasiyanın qarşısını almaqda effektiv vasitəyə çevrilib. Gənclər erməni lobbisinin yaydığı saxta xəbərləri operativ şəkildə ifşa edir, manipulyativ görüntülərin və uydurma iddiaların arxasındakı həqiqətləri üzə çıxarırlar.
Bu prosesdə analitik düşüncə, media savadlılığı və məsuliyyətli yanaşma xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi emosiyaya qapılmadan, peşəkar və arqumentli mövqe nümayiş etdirərək informasiya mübarizəsində üstünlük qazanır.
Azərbaycanda gənclər siyasəti dövlət strategiyasının mühüm tərkib hissəsidir. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onların intellektual potensialının inkişaf etdirilməsi informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Dövlət tərəfindən həyata keçirilən layihələr, təlimlər, media və kommunikasiya sahəsində yaradılan imkanlar gənclərin bu sahədə daha peşəkar fəaliyyət göstərməsinə şərait yaradır.
Eyni zamanda, ali təhsil müəssisələrində beynəlxalq münasibətlər, jurnalistika, politologiya və informasiya texnologiyaları sahəsində təhsil alan gənclər gələcəyin informasiya müharibəsi mütəxəssisləri kimi formalaşırlar.
İnformasiya müharibəsində iştirak yalnız fəallıq deyil, həm də böyük məsuliyyət tələb edir. Azərbaycan gəncliyi milli kimliyini, tarixi yaddaşını və dövlətçilik ənənələrini qoruyaraq informasiya məkanında davranış nümayiş etdirir. Onlar anlayırlar ki, hər bir paylaşım, hər bir fikir ölkənin beynəlxalq imicinə təsir göstərə bilər.
Bu baxımdan gənclərin fəaliyyətində etik dəyərlərə sadiqlik, tolerantlıq və hüquqi çərçivəyə riayət əsas prinsiplərdən biridir. Məhz bu yanaşma Azərbaycan gəncliyini informasiya müharibəsində fərqləndirən əsas cəhətlərdəndir.
Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri





















