Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil
7 oktyabr 2025-ci ildə “Regional sülh və təhlükəsizlik” devizi altında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12 – ci Zirvə Görüşü türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasında mühüm mərhələ oldu. İlk dəfə bu miqyasda səsləndi ki, türk birliyi təkcə tarixi və mədəni irs deyil, həm də Avrasiyanın gələcəyini müəyyən edə biləcək siyasi və iqtisadi sistem kimi formalaşır. Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının artıq ortaq köklərə və müasir maraqlara əsaslanaraq sülh və inkişafın yeni arxitekturasını quran müstəqil geosiyasi mərkəzə çevrildiyini nümayiş etdirdi.
Son illərdə Türk Dövlətləri Təşkilatının humanitar platformadan beynəlxalq siyasətin tamhüquqlu institutuna qədər inkişaf yolu keçib. 2009-cu ildə Türk Dövlətləri Şurasının yaradılması bu prosesin başlanğıcı, 2021-ci ildə təşkilatın Türk Dövlətləri Təşkilatı adlandırılması isə onun fəaliyyətinə strateji istiqamət və siyasi dinamizm qazandırdı. Hazırda təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi kimi iştirak edir ki, bu da türk əməkdaşlığının coğrafiyasını genişləndirir və onun Avrasiya məkanındakı nüfuzunu artırır. Türk Dövlətləri Təşkilatının institusional yetkinliyi onun sabit idarəetmə sisteminin formalaşmasında əks olunur. Dövlət başçıları Şurasından tutmuş Katibliyə və ixtisaslaşmış qurumlara qədər bir struktur formalaşıb. Təşkilatla sıx əlaqədə fəaliyyət göstərən TÜRKPA, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Türk İnvestisiya Fondu ortaq layihələrin maliyyə əsasını təmin edir. Bu institusionallaşma prosesi Türk Dövlətləri Təşkilatının beynəlxalq siyasətin daimi subyektinə çevirərək, onu müvəqqəti məsləhətləşmə platforması olmaqdan çıxarır. Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, “bu gün Türk Dövlətləri Təşkilatı müasir dövrün ciddi geosiyasi mərkəzlərindən birinə çevrilir.” Onun sözlərinə görə, ortaq tarixi və mənəvi köklər, iqtisadiyyat, logistika, enerji və təhlükəsizlik sahələrində artan potensial türk dövlətlərini qlobal proseslərin əhəmiyyətli iştirakçısına çevirir. Bu fikirlər yeni reallığı əks etdirir — türk kimliyi ilə birləşmiş ölkələr parçalanmış beynəlxalq düzənə alternativ təklif edən müstəqil siyasi güc mərkəzinə çevrilir.
Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini