Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
”Xeberaz.info” xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platforma vasitəsilə valyuta alqı-satqısından gəlir əldə etmək istəyən 3 nəfərə qarşı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Bu gün, iyunun 30-da keçirilən prosesdə onun həyat yoldaşı, məşhur müğənni Elariz Məmmədoğlunun qızı Günel Alışan şahid qismində dəvət olunub. Həmçinin zərərçəkmiş Babək Məmmədzadə də prosesə çağırılıb. O, müdafiə tərəfinin suallarını cavablandırmalıdır.
Ötən məhkəmə iclasında Nizami Alışanın ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, rəsmi olaraq heç bir yerdə işləmədiyini, yalnız biznes fəaliyyəti ilə məşğul olduğunu, qazancını isə şərikləri ilə bölüşdürdüyünü bildirib. Babək Məmmədzadəyə isə qazancın yalnız 2-3 faizini verdiyini deyib. Nizami Alışan ifadəsində iddia edir ki, Babək Məmmədzadə ondan yatırımının gizli qalmasını xahiş edib və ilkin mərhələdə ona 100 min dollar təqdim edib. Lakin maraqlıdır ki, təqsirləndirilən şəxs həmin ifadəyə imza atmaqdan imtina edib və məhkəmədə bildirib ki, belə bir ifadə verməyib: “Sadəcə söhbət zamanı bank hesablarımdakı dövriyyə barədə danışmışdım. Həmin söhbət sonradan ifadə kimi protokollaşdırılıb”.
Məhkəmədə sənədlərin tədqiqi mərhələsinə keçilib. Nizami Alışanın vəkili zərərçəkmiş Babək Məmmədzadənin ifadəsi ilə ittiham aktı arasında ziddiyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, aktda 1 milyon 700 min dollar göstərilsə də, ifadədə bu məbləğ 1 milyon 300 min kimi qeyd olunub. Bank arayışları və digər sənədlər də elan olunub.
Nizami Alışan əvvəlki iclaslarda sərbəst ifadəsində bildirmişdi ki, o, 2012-ci ildən fəaliyyət göstərən invest.az platformasında valyuta və qızıl bazarlarında işləyib. Sosial şəbəkələrdə bu sahədə paylaşım edən və 10 mindən artıq izləyicisi olan Alışan qeyd edib ki, Babəklə xaricdə birlikdə təhsil alıb və ona birjada oynaması üçün pul təklif edilib: “Əvvəlcə 100 min dollar verdi. Sonra işlərimiz yaxşı getdi, daha çox qazanc əldə etdik. Ümumi olaraq 900 min dollar yatırım etdilər”. Onun sözlərinə görə, 2020–2023-cü illərdə onlara ümumilikdə 2–3 milyon dollar pul qaytarıb. Lakin Babək daha çox məbləğ tələb edib, bu səbəbdən mübahisə yaranıb və sonda Nizami Alışandan hüquq-mühafizə orqanlarına şikayət olunub. İttihama görə, Nizami Alışan Zeynal Usubov, Babək Məmmədzadə və Yadigar İsrafilovun ümumilikdə 2 milyon 445 min dollar vəsaitini müxtəlif bəhanələrlə mənimsəyib. İttiham aktında Babək Məmmədzadədən 1 milyon 300 min, Zeynal Usubovdan 945 min, Yadigar İsrafilovdan isə 200 min dolların alındığı qeyd olunub.
Bu cinayət işi DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Nizami Alışan hazırda həbsdədir və iş üzrə istintaq dövründə zərərçəkmişlərlə üzləşdirilib. Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Zərərçəkmiş Zeynal Usubov isə vaxtilə Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışıb və 2023-cü ildə prokurorluq orqanlarından xaric edilib.
Nizami Alışan tanınmış Arif Alışanovun qardaşı oğludur. Onun mərhum atası Akif Alışanov polkovnik rütbəsi ilə uzun illər hüquq-mühafizə orqanlarında, daha sonra isə Müdafiə Sənayesi Nazirliyində çalışıb. Nizaminin həyat yoldaşı Günel isə tanınmış müğənni Elariz Məmmədoğlunun qızıdır.