image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558996338_1360465418766566_9076305820505884684_n

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir

image-legitimaz-810x90

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.

Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri də bu istiqamətdə atılmış növbəti addımlardan biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri çərçivəsində oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda çıxış edən Azərbaycan Prezidenti qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edərək, Düşənbədə dəfələrlə olduğunu, şəhərin sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini və infrastrukturun müasirləşdirildiyini öz gözləri ilə gördüyünü xüsusi qeyd edib. Bu inkişaf Tacikistanın müstəqil dövlət kimi əldə etdiyi uğurların və ölkələrimiz arasında tərəfdaşlıq imkanlarının real göstəricisidir. Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunaraq vurğulayıb ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında ətraflı məlumat verilib. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin, tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilməsinin əyani şəkildə şahidi olublar. Mədəni və humanitar əməkdaşlıq da Azərbaycan–Tacikistan münasibətlərində xüsusi yer tutur. Ölkələr arasında keçirilən qarşılıqlı mədəniyyət günləri, kino həftələri, sərgilər və digər tədbirlər xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Elm və təhsil sahəsində həyata keçirilən layihələr, gənclərin təcrübə mübadiləsi proqramları və birgə təhsil təşəbbüsləri iki ölkə arasında uzunmüddətli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu proqramlar həmçinin MDB məkanında gənclərin bir-birini tanıması və qarşılıqlı hörmətin artırılması üçün əhəmiyyətlidir. Azərbaycan və Tacikistan həmçinin beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir, bölgədə sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verir. Prezident İlham Əliyev çıxışında MDB Oyunları kimi regional tədbirlərin də ölkələr arasında dostluq və əməkdaşlığı möhkəmləndirdiyini vurğuladı. Bu cür təşəbbüslər təkcə Birlik daxilində deyil, həm də ondan kənarda qarşılıqlı etimadı artırır və xalqlar arasında daha sıx əlaqələrin qurulmasına xidmət edir.

Düşənbə görüşü bir daha sübut etdi ki, Azərbaycan–Tacikistan münasibətləri MDB məkanında uğurlu tərəfdaşlığın parlaq nümunəsidir. Dövlət başçılarının ardıcıl səyləri nəticəsində bu əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, həm də xalqlar arasında mənəvi birliyin, humanitar əlaqələrin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. İki ölkənin strateji əməkdaşlığı regional sabitlik, inkişaf və qarşılıqlı dəstək üçün böyük perspektiv və imkanlar yaradır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünə dair Tacikistanın nümayiş etdirdiyi prinsipial mövqe ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki