Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir
Azərbaycan və Tacikistan arasında münasibətlərin, qarşılıqlı əlaqələrin tarixi min illərlə ölçülür. Tacik-Fars ədəbiyyatının dünyaya bəxş etdiyi Rudəki, Sədi kimi şəxsiyyətlər ölkəmizdə oxucular tərəfindən sevildiyi kimi Azərbaycan Xalqının dünya ədəbiyyat xəzinəsinə verdiyi misilsiz töhfələr olan Nizami Gəncəvi, Məhəmməd Fizuli kimi şəxsiyyətlər Tacik xalqı tərəfindən çox sevilirlər. Tacikistanda fəaliyyət göstərən Azərbaycan diasporu digər ölkələrlə müqayisədə daha çoxdur. Qeyd etmək yerinə düşərdi ki, Tacikistanda havaların şaxtalı keçməsi səbəbilə ölkə iqtisadiyyatına dəymiş ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alan Azərbaycan 2008-ci ilin dövlət büdcəsindən nəzərdə tutulmuş Ehtiyyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım göstərmişdir. Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Qeyd edim ki, 8 may 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyyəti Bakıda səfərdə olmuşdur. Tacik xalqının ümummilli liderimiz Heydər Əliyevə olan bu hörmətinin bir səbəbi də Nurek Su Elektrik Stansiyasıdır. Sovet dönəmində taciklər üçün həyati əhəmiyyət daşıyan bu stansiyanın tikintisinə Sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən dəstəkləmiş və icrasını həyata keçirmişdir. Prezident İlham Əliyev oktyabr ayının 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı çıxışında Tacikistanla dövlətimiz arasında ikitərəfli münasibətlərin inkişafına xüsusi yer ayırması təsadüfi deyildi. Cənab Prezident qeyd etdi ki, bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istəyirəm. Onlar qardaşlıq,dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.
- Zərdabi adına tam orta məktəbinin direktoru E. Xəlilov.