XXI əsrin ən önəmli texnoloji hadisəsi olan süni intellect (AI), bütün dünyada ciddi dəyişikliklərə səbəb olur. ChatGPT kimi generativ süni intellekt sistemlərinin hazırlanması və istifadəyə verilməsi inqilabi kəşfdir. AI, cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edərək insan fəaliyyətinin formasını dəyişdirir. O, mətnlər yaradır, xəbər və məqalələrdən tutmuş kitabların yazılmasına qədər yaradıcı proseslərdə iştirak edir. Musiqi bəstələyir, rəsm əsərləri və animasiya nümunələri ərsəyə gətirir. Texnologiyanın imkanları təkcə yaradıcı sferalarla məhdudlaşmır: o, səsli yazıları mətnə çevirir, tibbi diaqnostikada həkimlərin işini dəstəkləyir, hətta pilotsuz avtomobil və təyyarələrin idarə edilməsini mümkün edir. Bu texnologiyaların əsas üstünlüyü – effektivliyi, dəqiqliyi və keyfiyyəti artırmaq, əvvəllər həlli mümkünsüz görünən mürəkkəb məsələlərə yeni yanaşmalar təklif etməkdir. AI, həmçinin rutin əməliyyatları avtomatlaşdıraraq resurslara qənaət edir, layihələrin icrasını sürətləndirir və nəticə etibarilə məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldir. Yeni texnologiyaların sürətli inkişafı iqtisadiyyatın müxtəlif sahələrində daha səmərəli qərarların qəbulunu sürətləndirir və süni intellektin analiz bacarıqları şirkətlərə və dövlət orqanlarına müştəri və vətəndaşların davranışlarını daha yaxşı anlamağa və buna uyğun strategiyalar hazırlamağa imkan verir. Süni intellekt özü ilə bərabər məlumatların təhlükəsizliyi kimi problemləri də gündəmə gətirsə belə, onun iqtisadi inkişafda yeni açar rolunu oynayacağı şübhə doğurmur. Dünya ölkələri dövlət xidmətlərini təkmilləşdirmək, vətəndaşların işlərini asanlaşdırmaq üçün dövrün tələbi olan süni intellektdən geniş istifadə edirlər. Bu baxımdan kənd təsərrüfatı, səhiyyə, media, təhsil, hətta enerji sahəsində də süni intellektin tətbiqi ilə innovativ dəyişikliklər görülməkdədir.
Azərbaycanda da süni intellekt əsaslı startaplar və layihələr iqtisadi diversifikasiyaya töhfə verir. Süni intellektə əsaslanan xidmətlərin təkmilləşdirilməsində dövlət də maraqlıdır. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın qəbul olunması buna əyani misaldır. Bu Strategiya 4 əsas prioritet istiqamət üzrə – idarəetmə, məlumat infrastrukturu, insan kapitalı və əlverişli biznes mühiti – ümumilikdə 15 tədbiri əhatə edir. Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır. Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri



















