Sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışı
Dünya siyasətində baş verən sürətli dəyişikliklər beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırır. Geosiyasi rəqabətin artması, regional münaqişələr və iqtisadi qeyri-müəyyənliklər qlobal təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Belə bir dövrdə beynəlxalq dialoqun gücləndirilməsi və dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin inkişafı böyük əhəmiyyət kəsb edir. Bakıda keçirilən XIII Qlobal Bakı Forumu məhz bu məqsədə xidmət edən mühüm platformalardan biridir.
Artıq ənənə halını alan Qlobal Bakı Forumu müxtəlif ölkələrin siyasi və ictimai xadimlərini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Forum çərçivəsində keçirilən panel müzakirələri və çıxışlar müasir beynəlxalq münasibətlər sisteminin əsas problemlərinə işıq salır və bu problemlərin həlli yollarını araşdırır.
XIII Qlobal Bakı Forumunun mövzusu olan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” müasir dövrün əsas çağırışlarını əks etdirir. Çünki hazırda beynəlxalq münasibətlər sistemində fikir ayrılıqları və siyasi qarşıdurmaların artması qlobal sabitliyə ciddi təsir göstərir. Bu baxımdan dövlətlər arasında dialoq və qarşılıqlı anlaşma mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qlobal təhlükəsizlik, enerji sabitliyi və regional sülh məsələlərinə toxunaraq mühüm mesajlar verdi. Dövlət başçısı vurğuladı ki, beynəlxalq münasibətlər sistemində sabitliyin qorunması üçün dövlətlər arasında əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir.
Prezident çıxışında Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rola da diqqət çəkdi. Bu gün Azərbaycan Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir və qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Enerji bazarında sabitliyin qorunması isə həm istehsalçı, həm də istehlakçı ölkələr üçün böyük əhəmiyyət daşıyır.
Dövlət başçısı Cənubi Qafqaz regionunda davam edən sülh prosesinə də toxundu. Azərbaycan Ermənistanla yekun sülh sazişinin imzalanmasında maraqlı olduğunu bəyan edərək regionda uzunmüddətli sabitliyin təmin olunmasının vacibliyini vurğuladı. Sülh sazişinin imzalanması regionda yeni nəqliyyat və iqtisadi layihələrin həyata keçirilməsinə geniş imkanlar aça bilər. XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal siyasi dialoqun inkişafında mühüm rol oynayır. Bakıdan səslənən mesajlar isə müasir dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın qorunmasının hər zamankından daha vacib olduğunu bir daha təsdiqləyir.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

























