Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır.
İtaliya Prezidentinin respublikamıza budəfəki səfəri də geniş gündəliyə malikdir və uğurla keçir. Səfər çərçivəsində prezidentlər mühüm müzakirələr aparıblar və mətbuata bəyanatlar veriblər. Hər iki dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarına bir daha xüsusi diqqət çəkiblər. Azərbaycan və İtaliya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Xüsusilə də iki ölkə arasında enerji əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir və bu sahədə əməkdaşlığın genişlənməsi bütün Avropa üçün böyük önəm daşıyır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin tanınmış şirkətləri Azərbaycanın moderatorluğu ilə həyata keçirilən enerji layihələrinin fəal iştirakçılarıdırlar. Məsələn, İtaliyanın ENI qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunub. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. “Saipem”, “ValvItalia”, “Renco”, “Bonatti”, “Enereco”, “Max Streicher”, “Honeywell SRL” və s. şirkətlərə isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik təchizat və xidmət layihələri həvalə edilib. Eyni zamanda, SOCAR və onun törəmə şirkətləri ilə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra irihəcmli müqavilələr imzalanıb.
Hazırda Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır. Belə ki, bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi yanacaq ixrac etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Azərbaycan ötən il Avropaya qaz tədarükünü 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatdırıb. Ölkəmizin mavi yanacaq ixracının coğrafiyası getdikcə genişlənir. Artıq bu siyahıda 14 ölkə yer alır. Respublikamız növbəti mərhələdə qaz ixracını 20 milyard kubmetrədək artırmağı hədəfləyib və bu, tam realdır.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini