Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.
Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfər edib. Bu səfər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ilə əlaqələr kontekstində də xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı bildirib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Qeyd edilib ki, keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti çıxışı zamanı qeyd edib.İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.Azərbaycan təkcə yaxın regionda deyil, həm də Avropa ölkələri ilə tərəfdaşlıq imkanlarını ardıcıl şəkildə inkişaf etdirir. Ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu ölkələr arasında Mərkəzi Avropada yerləşən Slovakiya xüsusi yer tutur. Slovakiya NATO və Avropa İttifaqının üzvü, dinamik inkişaf edən iqtisadiyyata və güclü sənaye potensialına malik dövlətdir. Məhz bu amillər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm əsaslardan biridir. Azərbaycan və Slovakiya rəhbərləri arasında formalaşmış qarşılıqlı etimad mühiti münasibətlərin daha da inkişaf etməsinə şərait yaradır. Bu səbəbdən iki ölkə arasında əlaqələr son illərdə daha strateji və dinamik mərhələyə qədəm qoyub.Yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi və iqtisadi əməkdaşlığın genişlənməsi tərəfdaşlığın möhkəm təməllərə söykəndiyini təsdiqləyir. Xüsusilə 2023-2024-cü illərdə imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Ötən müddət ərzində iki ölkə arasındakı diplomatik əlaqələr möhkəmlənib və strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Bahar Qurbanova





















