image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-596808010_1407865860693188_3215422301601031917_n

Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir

image-legitimaz-810x90

Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə münasibətlərində yeni strateji xəttin formalaşdığını göstərir. Onun “Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir” fikri təkcə diplomatik jest deyil, reallığa çevrilmə potensialı olan qarşılıqlı maraqların ifadəsidir. Bu bəyanat həm müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud bazasının möhkəmləndirilməsi, həm də gələcəkdə daha sistemli və uzunmüddətli layihələrin reallaşdırılması baxımından diqqətəlayiqdir.

Cənab prezident bəyanatında qeyd etmişdir ki, “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq. Düz bir ay əvvəl – noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq”.

Azərbaycan son illər müdafiə sənayesinin modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində mühüm addımlar atır. Slovakiya ilə müdafiə sənayesi əməkdaşlığı Azərbaycanın regional təhlükəsizlik mühitində dayanıqlılığını artırmaqla yanaşı, ölkənin sənaye və innovasiya siyasətinə yeni nəfəs gətirə bilər. Bu əməkdaşlığın əsas üstünlüklərindən biri də uzunmüddətli və qarşılıqlı faydaya əsaslanmasıdır. Birgə istehsal müəssisələrinin yaradılması, yüksək texnologiyalı avadanlıqların Azərbaycanda istehsalı, mütəxəssis hazırlığı proqramları və texnoloji mübadilə layihələri gələcək əməkdaşlığın perspektiv istiqamətləri kimi görünür.

Cənab Prezident İlham Əliyevin bəyanatı həm də onu göstərir ki, iki ölkə arasında siyasi dialoq kifayət qədər etibarlı bazaya malikdir və müdafiə sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün lazımi siyasi iradə mövcuddur. Slovakiyanın Avropa İttifaqının üzvü kimi texnoloji və sənaye standartlarını bölüşməsi də Azərbaycanın müdafiə sənayesinin modernləşməsi üçün əlavə üstünlük yarada bilər.

Nəticə etibarilə, bu səfər zamanı səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq perspektivi yalnız iki dövlət arasında iqtisadi və texnoloji tərəfdaşlığı gücləndirmir, həm də regional və qlobal təhlükəsizlik anlayışına kömək edə biləcək strateji platforma formalaşdırır. Bu istiqamətdə atılacaq addımların iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyi şübhə doğurmur.

 

Babək Mikayılov  –  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki