image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-90dbcce33d331dbcccc9d7e315f3ee50

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

image-legitimaz-810x90

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bir daha qeyd edib ki, sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər son 20 ilin statistikasına baxsaq, təkcə onu demək kifayətdir ki, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb: “Düzdür, ilkin baza çox aşağı idi, amma bu artım da əldə edilmiş vəsait hesabına mümkün olmuşdur. Yəni biz iqtisadi islahatları apararaq, neft-qaz layihələrini icra edərək, ilk növbədə əldə edilən gəlirləri sosial sahəyə yönəldirdik və bu gün də belədir. İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Yəni biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur. Yəni bu, niyyətimizi əyani şəkildə göstərir və bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır”. Qeyd edək ki, dövlət başçısının 2018-2025-ci illər ərzində reallaşdırdığı 5 sosial islahat paketi çərçivəsində imzaladığı Fərman və Sərəncamlarla, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Ümumilikdə 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı Fərman və sərəncamlara əsasən, bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir. Prezident İlham Əliyev bildirib: “Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”. Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdan gələn illərdə də sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Milli prioritetlər sırasında yer alan vacib istiqamətlərdən biri də məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Təsadüfi deyil ki, bu il üçün cari xərclərin əsas hissəsi daha dəqiq desək, 68,1 faizi məhz sosial yönümlü xərclərin payına düşəcək. Qeyd edək ki, dünyada qəbul olunmuş qaydaya əsasən, büdcə o zaman sosialyönümlü hesab olunur ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur. Belə ki, dünya praktikasında sosial xərclərin büdcədə payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən sosial xərclərə təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi sosial əhəmiyyətli sahələrdə xərclənən vəsaitlər daxil edilir. Son on illik müddəti götürsək, dünya praktikasına əsaslanan sosial xərclərin həcminin kəskin artdığını görmək olar. Belə ki, Hesablama Palatasının 2016-cı il dövlət büdcəsinin icrasına dair rəyindən aydın olur ki, “Sosial müdafiə və sosial təminat” bölməsindən bilavasitə sosial müdafiə və təminat tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan xərcləri, təhsil və səhiyyə bölmələri üzrə faktiki icra edilmiş xərcləri nəzərə alsaq, 2016-cı ildə dövlət büdcəsinin sosial xərclərinin ümumi xərclərdə payı 25.7 faiz (4 milyard 559 milyon 7968 manat) təşkil edib. Əvvəlki ilə nisbətən 2016-cı ildə sosial müdafiə və təminatı xərcləri 250 milyon manat və ya 13.3 faiz, təhsil xərcləri 149.3 milyon manat və ya 9.3 faiz artıb. 2026-cı il üçün dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat məbləğində gözlənilir. Bu isə o deməkdir ki, on ildə büdcə xərcləri 2,5 dəfə, sosial xərclər isə 3,7 dəfə artıb. Yəni, büdcənin sosial xərcləri onun ümumi xərclərindən daha sürətlə artıb.

 

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki