Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələr arasında dostluq əlaqələrini möhkəmləndirir
Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan, eyni zamanda, həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir. Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə ölkəmiz nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz imkanlarını genişləndirəcək. Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahə diqqətdən kənarda qalmır. Çünki bunun çox böyük potensialı vardır.
Hazırkı dövrün əsas çağırışlarından olan yeni texnologiyaların inkişafına, bu sahədə əməkdaşlığın qurulmasının önəminə diqqəti yönəldib. Səfər çərçivəsində informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında müzakirələr aparıldı. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri hamı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.
Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Səfər çərçivəsində diqqət göstərilən əsas məsələlərdən biri kimi Azərbaycanla Ermənistan arasında bu ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri zamanı sülh razılaşmasından da bəhs edib. Vaşinqton razılaşması çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb. Bu, Azərbaycanın Aİ ilə əməkdaşlığını yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. “Mən slovak xalqı adından cənab Prezidenti və Azərbaycan Respublikasını təbrik etmək istərdim. Çünki uzun illərdən sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır” söyləyən Slovakiya Prezidenti Peter Pelleqrini vurğuladı ki, Azərbaycan bu gün sülh şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə yönəldilib.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqüddə olan müəllim





















