Separatizmə son qoyulması
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. İstər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Bu işdə separatçıların utopik təsəvvürlər dünyası, xam xəyalları da olduqca önəmli bir amil təşkil etdi. Azərbaycan dövləti antiterror tədbirləri nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi.
2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.
Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı dayandırıldı.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru