Qələbəmiz nəticəsində ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi
Ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan artıq bütün ərazisinə nəzarət edəcək. Növbəti qələbəmiz nəticəsində ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Bu müraciət, əslində, təkcə Azərbaycan vətəndaşlarına deyil, həm də Qarabağda yaşayan erməniəsilli sakinlərə ünvanlanan bir ismarıcdır.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri