Qardaş ölkə Türkiyə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir sıra obyektlərin təməl qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir. Bu il daha bir neçə beynəlxalq miqyaslı tədbir azad edilmiş ərazilərdə təşkil edildi. Buna misal kimi 2023-cü il sentyabrın 29-də Zəngilanda BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. artıq 2-ci ildi ki, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər günlərinin keçirilməsinə başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq: “Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc






















