Müasir Azərbaycan dövlətinin inkişaf modeli güclü siyasi iradəyə, milli maraqlara əsaslanan strateji baxışa və dərin mənəvi dəyərlərə söykənir. Bu modelin formalaşmasında və ardıcıl şəkildə həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolu müstəsnadır. Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm regional, həm də qlobal miqyasda sabitlik, əməkdaşlıq və tolerantlıq məkanı kimi tanınmışdır. Bu siyasətin əsasında güclü dövlətçilik ənənələri ilə yanaşı, multikulturalizm, humanizm və qarşılıqlı hörmət prinsipləri dayanır. Prezident İlham Əliyevin siyasi fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi xüsusi yer tutur. Azərbaycan xalqının tarixi, dili, dini-mənəvi irsi və mədəniyyətinin dövlət siyasətinin prioritetinə çevrilməsi milli kimliyin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Milli dəyərlərə söykənən bu siyasət göstərir ki, müasir inkişaf yolu ilə getmək milli kimlikdən uzaqlaşmaq demək deyil. Əksinə, Prezident İlham Əliyevin siyasəti sübut edir ki, müasirlik və milli-mənəvi dəyərlər bir-birini tamamlayan, gücləndirən amillərdir. Dövlət tərəfindən mədəniyyətin, incəsənətin, ədəbiyyatın, tarixi irsin qorunmasına göstərilən diqqət bu yanaşmanın bariz nümunəsidir.
Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olmuşdur. Prezident İlham Əliyev bu tarixi ənənəni müasir dövlət siyasətinə çevirərək multikulturalizmi və tolerantlığı dövlətçilik modelinin ayrılmaz hissəsi kimi təqdim etmişdir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır. Müxtəlif dini icmaların sərbəst fəaliyyəti, ibadət yerlərinin qorunması və bərpası, dini və etnik ayrı-seçkiliyin olmaması dövlətin humanist mahiyyətini açıq şəkildə nümayiş etdirir. Bu istiqamətdə atılan addımlar yalnız daxili sabitliyə deyil, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin təşəbbüsü və siyasi dəstəyi ilə Azərbaycan qısa müddət ərzində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilmişdir. Bakıda keçirilən beynəlxalq forumlar, konfranslar və sammitlər ölkəmizi Şərqlə Qərb arasında körpü rolunu oynayan unikal platformaya çevirmişdir. “Bakı Prosesi” çərçivəsində təşkil olunan tədbirlər müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma və əməkdaşlıq üçün əlverişli mühit yaratmışdır. Bu təşəbbüslər Prezident İlham Əliyevin qlobal miqyasda sülhə və dialoqa verdiyi töhfənin real göstəricisidir.
Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyətlərindən biri humanist dəyərlərə əsaslanmasıdır. İnsan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dövlət idarəçiliyinin mərkəzində dayanır. Bu yanaşma sosial siyasətdə, təhsil və səhiyyə sahələrində, eyni zamanda hüquqi və institusional islahatlarda öz əksini tapır. Humanizm yalnız sosial sferada deyil, həm də cinayət-hüquq siyasətində, əfv və amnistiya təşəbbüslərində aydın şəkildə hiss olunur.
Milli-mənəvi dəyərlərin qorunması Prezident İlham Əliyevin siyasətində milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Qloballaşma şəraitində milli kimliyin qorunması, dilə, mədəniyyətə və mənəvi dəyərlərə bağlılıq cəmiyyətin dayanıqlığını təmin edən əsas amillərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin siyasəti yalnız iqtisadi və hərbi gücü deyil, həm də mənəvi təhlükəsizliyi təmin etməyə yönəlmişdir. Bu yanaşma Azərbaycan cəmiyyətində milli həmrəyliyi və sosial sabitliyi gücləndirmişdir.
Azərbaycanın tolerantlıq və dialoq məkanı kimi tanınması ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərmişdir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan beynəlxalq təşkilatlar və dövlətlər üçün etibarlı tərəfdaş, sülh və əməkdaşlıq platforması kimi qəbul olunur. Bu nüfuz ölkənin xarici siyasət imkanlarını genişləndirməklə yanaşı, milli maraqların beynəlxalq müstəvidə daha effektiv müdafiəsinə şərait yaradır.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və ölkəmizin tolerantlıq, multikulturalizm və dialoq məkanı kimi tanınmasına xidmət edir. Bu siyasət güclü dövlətçilik ənənələri ilə humanist və universal dəyərlərin vəhdətini təmin edərək Azərbaycanın davamlı inkişafını şərtləndirir. Bu gün Azərbaycan yalnız iqtisadi və siyasi gücü ilə deyil, eyni zamanda mədəni və mənəvi dəyərlərə əsaslanan inkişaf modeli ilə də dünya miqyasında nümunəvi dövlət kimi tanınır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva





















