Prezident İlham Əliyevin UzA-ya müsahibəsi: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan yeni regional əməkdaşlıq arxitekturasının əsas istiqamətlərini əhatə edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni, geosiyasi məkanın ayrılmaz hissələridir və bu gün Xəzər dənizi onları ayıran deyil, birləşdirən strateji körpü rolunu oynayır. Son illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli səfərlərin intensivliyi, siyasi dialoqun dinamikası və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq regionda dayanıqlı tərəfdaşlığın möhkəmləndiyini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yalnız son üç ildə Mərkəzi Asiya ölkələrinin rəhbərləri Azərbaycana təxminən 30 dəfə səfər edib və bu, münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisidir. Müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi yer tutduğu vurğulanır. Ölkələrimizi ortaq tarixi köklər, dil və mənəvi yaxınlıq birləşdirir və bu münasibətlər bu gün müttəfiqlik səviyyəsində inkişaf edir. Liderlər arasında formalaşmış şəxsi dostluq və etimad əlaqələri də strateji əməkdaşlığa güclü impuls verir. Son illərdə imzalanmış Müttəfiqlik Müqaviləsi, Strateji Tərəfdaşlıq Bəyannaməsi və 2025–2029-cu illəri əhatə edən Yol Xəritəsi münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edir.
İqtisadi əməkdaşlıqda müşahidə edilən artım da diqqətəlayiqdir. 2024–2025-ci illərdə ticarət dövriyyəsinin kəskin yüksəlməsi, qarşılıqlı sərmayələr, eləcə də yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Xankəndidə birgə sənaye layihəsinin – tikiş fabrikinin fəaliyyətə başlaması isə humanitar və iqtisadi əməkdaşlığın simvolu kimi qiymətləndirilir. Prezident İlham Əliyev nəqliyyat-logistika əlaqələrinin xüsusilə strateji əhəmiyyət daşıdığını bildirərək Azərbaycanın Orta Dəhlizin əsas tranzit ölkəsi rolunu vurğulayıb. Son illərdə bu marşrut üzrə daşımaların sürətli artımı regionun qlobal ticarət şəbəkələrinə inteqrasiyasını gücləndirir. Enerji, yaşıl enerji, mədəniyyət, humanitar sahələr, regionlararası əməkdaşlıq, media və QHT platformalarının genişlənməsi də Azərbaycan–Özbəkistan və ümumilikdə Azərbaycan–Mərkəzi Asiya tərəfdaşlığının yeni çoxşaxəli mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Xüsusilə Qarabağın bərpasında Özbəkistanın göstərdiyi qardaş dəstəyi, Füzulidə Mirzə Uluqbəy məktəbinin inşası ölkələrimiz arasındakı sarsılmaz dostluğun rəmzi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsi bir daha göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrin bütün istiqamətlərdə dərinləşdirilməsinə strateji önəm verir. Ortaq tarixi irsə, güclü siyasi iradəyə və regional əməkdaşlıq ruhuna əsaslanan bu tərəfdaşlıq gələcək illərdə regionun inkişafına mühüm töhfələr verəcək.
Dərya Əhmədova – Zərdab rayon Şıxbağı kənd tam orta ümumutəhsil məktəbinin direktoru


















