Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Xəzər dənizində ekoloji tarazlığın pozulmasıdır
İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da getdikcə genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə imzaladığı sazişlər bərpaolunan enerji mənbələrinin inkişafına, enerji sistemlərinin birləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına yönəlib. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın davamlı inkişaf konsepsiyasının formalaşmasında mühüm addım sayılır”.
2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə keçirilmiş Mədəniyyət Günləri xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edib. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, onun yubileyinin və Mir Cəlal Paşayevin 115 illik yubileyinin birgə qeyd olunması bu əlaqələrin dərin mənəvi təməlini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən mədəni və elmi təşəbbüslər, o cümlədən Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması planları Türk birliyinin ideya-mədəni gücünü daha da artırır.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Xəzər dənizində ekoloji tarazlığın pozulmasıdır. Su səviyyəsinin azalması və dayazlaşma prosesi həm ekoloji, həm iqtisadi təhlükə yaradır. Bu məsələ yalnız iqlim dəyişikliyi ilə deyil, həm də regiondakı sənaye təsirlərinin koordinasiyasızlığı ilə bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, Xəzəryanı ölkələr arasında elmi informasiya mübadiləsinin gücləndirilməsi, koordinasiyalı tədbirlər planının hazırlanması və birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması artıq qaçılmaz zərurətdir. Xəzər yalnız su hövzəsi deyil, ortaq məsuliyyətin və ekoloji həmrəyliyin simvoluna çevrilməkdədir.
Mahiyyət etibarilə, Azərbaycan-Qazaxıstan əlaqələri bu gün təkcə iqtisadi və diplomatik tərəfdaşlıq deyil, həm də mədəni, elmi və ekoloji birliyə əsaslanan çoxşaxəli inteqrasiya modelidir. Bu model Türk dünyasının gələcək inkişaf xəritəsində xüsusi yer tutur və regional sabitlik, dayanıqlı iqtisadi artım, ekoloji məsuliyyət və mədəni həmrəyliyin vahid konsepsiyasını ifadə edir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal