ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Sülh şurasının ilk iclası təkcə beynəlxalq tədbir deyil, həm də Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqların təqdim olunduğu mühüm platforma kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin bu iclasda iştirakı və ABŞ Prezidenti Donald Tramp ilə nümayiş olunan səmimi ünsiyyət Azərbaycanın regionda sülh prosesinin əsas aparıcı aktorlarından biri kimi qəbul olunduğunu göstərən mühüm diplomatik mesajdır.
Donald Trampın həm Prezident İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana regionda yaranan sülhə görə təşəkkür etməsi xüsusi diqqət çəkir. Bu təşəkkür ilk növbədə ABŞ administrasiyasının regionda sülhün əldə olunması istiqamətində Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini göstərir. Əslində, bu yanaşma bir neçə mühüm məqamı təsdiqləyir. Belı ki, Azərbaycan münaqişədən sonra təşəbbüsü öz əlində saxlayan tərəfdir, eyni zamanda Bakı regionda davamlı sülh üçün konkret siyasi iradə nümayiş etdirir,
ABŞ kimi qlobal güc mərkəzi Azərbaycanın sülh təşəbbüslərini legitim və real hesab edir.
Bu, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və onun regional təhlükəsizlik arxitekturasının formalaşmasında əsas söz sahibi olması deməkdir.
Vaşinqtonda İlham Əliyevə yönələn müsbət fikirlər və onunla qurulan səmimi dialoq təkcə diplomatik protokol elementi deyil, həm də siyasi etimad göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində liderlərarası şəxsi münasibətlər və qarşılıqlı etimad dövlətlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Bu baxımdan, Trampın İlham Əliyevə münasibətdə nümayiş etdirdiyi açıq və müsbət mövqe bir neçə strateji nəticəyə işarə edir. Azərbaycan Prezidentinin qlobal siyasi dialoq platformalarında nüfuzu artıb,
Azərbaycan artıq təkcə regional deyil, daha geniş geosiyasi məkanın vacib tərəfdaşlarından biri kimi qəbul olunur,
İlham Əliyevin balanslaşdırılmış və praqmatik xarici siyasəti beynəlxalq aktorlar tərəfindən dəstəklənir.
Vaşinqtonda İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan qeyri-rəsmi, ayaqüstü görüş xüsusi siyasi əhəmiyyət kəsb edir. Bu cür qeyri-formal təmaslar tərəflər arasında gərginliyin azalmasının və dialoq imkanlarının genişləndiyinin göstəricisi hesab olunur.
Bu görüşün əsas əhəmiyyəti bir sıra məqamları özündə ehtiva edir. Bu görüş sülh danışıqlarının davam etdiyini və prosesin canlı olduğunu göstərir, Ermənistanın artıq yeni regional reallıqları qəbul etməyə məcbur qaldığını təsdiqləyir;ə, Azərbaycanın diktə edən deyil, lakin təşəbbüs irəli sürən və prosesi yönləndirən tərəf kimi mövqeyini möhkəmləndirir.
Burada mühüm məqamlardan biri də görüşün Vaşinqtonda – ABŞ-ın siyasi mərkəzində baş tutmasıdır. Bu, sülh prosesinin artıq qlobal diqqət mərkəzində olduğuna işarədir.
Vaşinqton görüşləri ümumilikdə göstərdi ki, Azərbaycan artıq post-münaqişə dövrünün əsas siyasi memarıdır. İlham Əliyevin liderliyi ilə formalaşan yeni reallıqlar beynəlxalq səviyyədə qəbul edilir və dəstəklənir.
Bir daha vurğulamalıyıq ki, Vaşinqtonda keçirilən Sülh şurasının ilk iclası və bu çərçivədə baş tutan görüşlər Prezident İlham Əliyevin həm regional, həm də qlobal siyasətdə artan rolunun bariz göstəricisidir. ABŞ Prezidenti tərəfindən səsləndirilən müsbət fikirlər Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.
İlham Əliyevin nümayiş etdirdiyi siyasi qətiyyət, diplomatik çeviklik və strateji baxış Azərbaycanın regionda sülhün əsas təminatçısı və yeni geosiyasi nizamın aparıcı qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirir. Vaşinqton görüşləri bir daha sübut etdi ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, əsas istiqamətverici aktorudur.
Millət vəkili Jalə Əliyeva





















