“Beynəlxalq sülh və rifah üçün Tramp marşrutunun (TRIPP) reallaşdırılması çərçivəsində birgə bəyanatın mənası və praktik əhəmiyyəti ondan ibarətdir ki, sülh Ermənistanda və regionda çox konkret və praktik addımlarla bərqərar olur”.
Musavat.com yada salır ki, bunu yanvarın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio yanvarın 13-də Vaşinqtonda keçirilən görüşdən sonra “Tramp marşrutu” ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi və Trans-Xəzər ticarət marşrutuna inteqrasiya da daxil olmaqla, Ermənistan ərazisindən maneəsiz multimodal tranzit qarşılıqlı əlaqənin formalaşdırılmasına yönəlmiş layihənin işə salınması üçün ümumi mexanizm müəyyən edilib.
“Bu, artıq reallığa çevrilib. Biz bərqərar olmuş sülhə qayğı ilə yanaşmalıyıq. Dövlət və cəmiyyət olaraq biz sülh içində yaşamağın nə demək olduğunu bilmirik. Biz bunu yalnız tədricən öyrənirik və bu, çox vacib bir prosesdir. Sülh çox yavaş-yavaş şüurumuza daxil olur və bu, normaldır”, – deyə Paşinyan vurğulayıb. O, “yerdə” real sülhün bərqərar olmasına imkan verdiyini yaxşı xəbər kimi qeyd edib. “İndi razılaşmalar əldə edilməlidir. Ermənistanda TRIPP adlı şirkət yaradılmalıdır. Marşrutlar, inkişaf, torpaqdan istifadə hüquqları və tikintiyə icazələrinin verilməsi müəyyən edilməlidir. Artıq bu gündən etibarən hazırlıqlara başlamaq lazımdır”, – deyə Paşinyan bildirib.

Baş nazir daha əvvəllər bəyan edilmiş ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsinə hazır olduqlarını deyib. “Biz münaqişə məntiqindən imtina etməliyik. Lakin bu, dərhal baş verməyəcək. 35 ildən çoxdur fırlanan təkəri dərhal dayandırmaq mümkün deyil. Sülhdən əldə edilən maddi faydalar çətinliklər və şübhələr ətrafında müzakirələrdən daha çox şey verə bilər. Yeni zamanlar gəlir və biz Ermənistanın və onun vətəndaşlarının inkişafı, azadlığı, xoşbəxtliyi və rifahı üçün bu tarixi fürsətdən maksimum dərəcədə istifadə etmək üçün daha diqqətli işləməliyik”, – Paşinyan yazıb. Ardınca qeyd edib ki, “Tramp yolu” çərçivəsində əldə edilən razılaşmalar mümkün qədər tez bir zamanda de-yure razılaşmalar kimi rəsmiləşdirilməlidir: “Müqavilə layihələri və lazımi hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə, Ermənistanda TRİPP adlı bir şirkət yaradılmalıdır. Həmçinin marşrutları, inkişaf hüquqlarını, torpaqdan istifadə və tikinti icazələrini müəyyən etməliyik”.
İrəvanın Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz keçidlə bağlı götürdüyü öhdəlik ötən ilin avqustunda Ağ Evdə Paşinyanın da imza atdığı üçtərəfli bəyannamədə əksini tapıb. Bəs maneəsiz keçid rejimi praktikada necə təsəvvür edilir? Azərbaycan vətəndaşları erməni gömrükçüləri ilə hər hansı şəkildə rastlaşa bilərmi?
İkinci yandan, erməni baş nazir niyə tələsir? Bu, sırf Bakı və Ankara ilə əlaqələri qaydaya salmaq imperativi ilə bağlıdır, yoxsa Rusiyanın açıq-gizli hədələri ilə?

Analitik Elxan Şahinoğlu bu məsələdə seçki faktorunu önə çəkib. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən danışarkən baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib: “Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır” – deyən Hakan Fidan bununla Ankaranın Ermənistanda tərəfini seçdiyini bildirib. Doğru strategiyadır. Bunu gizlətməyin mənası yoxdur, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir. Mümkündür ki, rəsmi Bakı da oxşar bəyanatla çıxış etsin. Mümkün bəyanatda o da vurğulanmalıdır ki, indiki mərhələdə Azərbaycanla sülhün əleyhdarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq”. Ekspertin fikrincə, ermənilər Ankara və Bakıdan onlara ünvanlanan mesajları düzgün oxumasalar, bunun ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını anlamalıdırlar.
Siyasi təhlilçi Ramiyə Məmmədova da hesab edir ki, Paşinyan həm seçkilərə, həm Rusiyaya görə tələsir, həm də Qərb onu tələsdirir: “Avropa Birliyi və ABŞ rəsmiləri erməni tərəfi ilə intensiv danışıqlar aparıblar. Artıq dəhlizin işləmə mexanizmi də demək olar ki, müəyyənləşib. Paşinyan açıq şəkildə bildirib ki, nəzarət Ermənistan və ABŞ-da olacaq, Rusiya, iştirak etməyəcək. Ona görə də Paşinyan bir çox məsələləri həll etməyə tələsir ki, seçkiyə rahat getsin. Seçkidə müxalifətin qələbəsi isə prosesi tormozlaya bilər. Odur ki, biz də Paşinyana dəstəyi artırmalıyıq”.

Onun fikrincə, ABŞ və AB də Rusiyanın müdaxiləsini gözlədiyi üçün Ermənistan hakimiyyətini mobil, çevik olmağa çağırır: “Ukraynam üharibəsi Rusiyanın Cənubi Qafqazda imkanlarını məhdudlaşdırıb. Bununla yanaşı, Ermənistanda təsir rıçaqları qalıb. Ən ciddi problem dəmiryol xətlərinin onun mülkiyyətində olmasıdır. Paşinyan azı iki dəfə Rusiyaya eyham vurub ki, dəmiryol xətlərinin bərpası ilə bağlı addım atsınlar. Yəni Rusiya seçkidən tutmuş digər sektorlara qədər Ermənistan iqtidarına təzyiq göstərməyə çalışacaq. Amma Paşinyanın Rusiyaya son səfərləri göstərir ki, Putinlə dil tapmağa çalışır”.
















