Azərbaycan və Özbəkistan münasibətləri türk dünyasının ən parlaq qardaşlıq nümunələrindən biridir. Bu iki dövlətin əlaqələrinin əsasında siyasi maraqlardan daha çox, yüzilliklər boyunca formalaşmış ortaq mədəniyyət, dil, etnik yaxınlıq və mənəvi dəyərlər dayanır. Xalqlarımız tarix boyu bir-birinə rəğbət göstərmiş, çətin zamanlarda dəstək olmuş, mədəniyyət, elm və ticarət sahələrində sıx təmaslar yaratmışlar. Bu gün isə Azərbaycan–Özbəkistan münasibətləri artıq təkcə tarixi qardaşlığa deyil, həm də strateji əməkdaşlığa söykənərək yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan və Özbəkistan xalqları eyni mədəni-sivilizasiya məkanının davamçılarıdır. Türk dillərinin bir qolu olan Azərbaycan və Özbək dilləri arasındakı yaxınlıq, ortaq folklor, oxşar milli adət-ənənələr xalqlarımızın mənsub olduğu böyük türk mədəniyyətinin təbii nəticəsidir.
Son illər iki ölkə arasında qarşılıqlı əlaqələr əvvəlki dövrlərlə müqayisədə daha dinamik və daha məzmunlu xarakter alıb. Yüksək səviyyəli səfərlər, imzalanan strateji əməkdaşlıq sənədləri, müştərək iqtisadi və humanitar layihələr dövlətlərarası münasibətləri yeni mərhələyə daşıyıb. Hər iki ölkənin liderləri əlaqələrin inkişafını strateji prioritet kimi dəyərləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılıqlı səfərləri, dostluq və tərəfdaşlıq haqqında imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın miqyasını genişləndirib. Bu gün Özbəkistan Azərbaycan üçün sadəcə tərəfdaş deyil, qardaş ölkə və etibarlı müttəfiq kimi qəbul olunur.
Azərbaycan və Özbəkistan beynəlxalq müstəvidə bir-birinin mövqelərini daim dəstəkləyir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə müdafiə edib, 2020-ci ildə Vətən müharibəsi dövründə və sonrakı bərpa proseslərində Azərbaycana həm siyasi, həm mənəvi dəstək göstərib. Azərbaycan da öz növbəsində Özbəkistanın regional və qlobal təşəbbüslərini dəstəkləyir, beynəlxalq təşkilatlarda yaxın əməkdaşlıq edir. Bu qarşılıqlı dəstək münasibətlərin sadəcə diplomatik əlaqə deyil, dərin qardaşlıq ruhu üzərində qurulduğunu təsdiqləyir.
Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticarət əməkdaşlığı son illər sürətlə genişlənir. Ticarət dövriyyəsi ildən-ilə artır, iki ölkənin biznes strukturları arasında yeni əməkdaşlıq sahələri açılır. Enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye, tekstil və turizm sahələrində yeni ortaq layihələr reallaşdırılır. Xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq region üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Orta Dəhlizin aparıcı iştirakçılarından biri kimi Özbəkistan üçün Avropa bazarlarına çıxışda mühüm tranzit qapısıdır.
Özbəkistanın Qarabağda – Füzuli rayonunda inşa etdiyi “Özbəkistan” məktəbi isə iqtisadi deyil, mənəvi və qardaşlıq bağlarının rəmzi kimi tarixə düşüb.
Mədəni əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin ən mühüm istiqamətlərindən biridir. İki ölkə arasında mədəniyyət günləri, incəsənət festivalları, ədəbiyyat tədbirləri, təhsil layihələri mütəmadi olaraq keçirilir.
Tələbə mübadiləsi proqramları genişlənir, gənclər təşkilatları arasında əməkdaşlıq güclənir, humanitar layihələr xalqlarımız arasında emosional bağların daha da möhkəmlənməsinə töhfə verir.
Bu sahələrdə atılan addımlar gələcək nəsillərin də qardaşlıq ruhunda yetişməsini təmin edir.
Azərbaycan və Özbəkistan əlaqələrinin gələcək inkişaf perspektivləri çox genişdir. Hər iki ölkənin regionda sabitlik, inkişaf və təhlükəsizlik məsələlərinə eyni yanaşması əməkdaşlığın daha da möhkəmlənəcəyinə zəmanət verir.
Bu gün Azərbaycan–Özbəkistan əlaqələri tarixdə heç vaxt olmadığı qədər yüksək səviyyədədir və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyi, türk dünyası üçün yeni imkanlar yaradacağı şübhə doğurmur.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


















