Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində səsləndirdiyi “Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir” fikri iki dövlət arasında mövcud olan münasibətlərin mahiyyətini dəqiq şəkildə ifadə edir. Azərbaycan və Özbəkistan arasındakı əlaqələr təkcə siyasi və iqtisadi müstəvidə formalaşan əməkdaşlıq deyil, həm də əsrlərin sınağından keçmiş qardaşlıq, mədəni yaxınlıq və ortaq mənəvi köklər üzərində qurulmuş strateji tərəfdaşlıqdır.
Hər iki ölkə ortaq türk mənsubiyyətinə, dil və mədəniyyət birliyinə, oxşar tarixi yol keçmişinə və eyni geosiyasi məkanın tərkib hissəsi olmasına görə bir-birinə sıx bağlıdır. Bu, dövlətlər arasında münasibətlərin yalnız rəsmi səviyyə ilə məhdudlaşmamasına, xalqlar arasında da dərin və qarşılıqlı hörmətə söykənən bağların mövcudluğuna imkan yaradır. Cənab Prezident İlham Əliyevin “qardaş ölkə” ifadəsi isə bu tarixi və mənəvi birliyin siyasi dildə ən səmimi təsdiqi kimi səslənir.
Son illərdə Azərbaycan–Özbəkistan münasibətlərində keyfiyyətcə yeni mərhələ müşahidə olunur. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan strateji sənədlər, müxtəlif sahələrdə həyata keçirilən layihələr əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmışdır. İqtisadiyyat, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi və humanitar sahələr üzrə genişlənən əməkdaşlıq iki ölkənin öz milli maraqlarını qarşılıqlı şəkildə dəstəklədiyini göstərir. üsusilə Transxəzər nəqliyyat dəhlizi çərçivəsində ortaq layihələr həm regionun, həm də qlobal ticarət xəritəsinin inkişafına mühüm töhfə verir.
Humanitar sahədə əlaqələrin güclənməsi də qardaşlığın canlı ifadəsidir. Azərbaycanın Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən “Mirzə Uluqbəy” məktəbi bu münasibətlərin rəmzi kimi tarixə düşüb. Eyni zamanda mədəniyyət və təhsil sahələrində birgə proqramlar, gənclərin mübadiləsi və türk dünyası çərçivəsində həyata keçirilən təşəbbüslər xalqlar arasında birliyi möhkəmləndirir.
Özbəkistanın Azərbaycana göstərdiyi etimad və dəstək, Azərbaycanın da öz növbəsində Özbəkistanla strateji əməkdaşlığa böyük önəm verməsi iki ölkənin münasibətlərinin sabit və uzunmüddətli xarakter daşıdığını sübut edir. Bu gün Azərbaycan və Özbəkistan yalnız dost və tərəfdaş deyil, həm də eyni hədəflərə, oxşar inkişaf modelinə və ortaq gələcəyə sahib iki qardaş dövlətdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Özbəkistanın Azərbaycan üçün “etibarlı müttəfiq” olması regionda sülhün, stabilliyin və dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq həm Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyi gücləndirir, həm də Avrasiya məkanında yeni strateji balansın formalaşmasına töhfə verir.
Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da artan dinamika ilə inkişaf edəcək, xalqlarımızın rifahına və regionun sabitliyinə xidmət edəcək.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru























