Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir
Türk Dövlətləri Təşkilatının Qəbəblə şəhərində keçirilən Zirvə Görüşündə humanitar əməkdaşlıq, təhsil, rəqəmsallaşma və gənclər siyasəti kimi məsələlər də müzakirə olundu. Prezident cənab İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. Bu təşəbbüs Azərbaycanın tarixi və mədəni missiyasının davamlılığını, onun türk dünyasının intellektual mərkəzi kimi rolunu bir daha təsdiqləyir. Postmüharibə dövründə azad edilmiş ərazilərin bərpası da xüsusi diqqət mərkəzində oldu. Prezident cənab İlham Əliyev qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi (Özbəkistan və Qazaxıstan tərəfindən), Ağdamda Manas adına məktəb (Qırğızıstanın dəstəyi ilə) artıq fəaliyyət göstərir. Macarıstan Cəbrayılda məktəb inşa edir, Türkiyə şirkətləri yollar, körpülər və tunellər tikir, Türkmənistan isə Füzuli məscidinin inşasında iştirak edir. Bu təşəbbüslər qardaşlıq həmrəyliyinin və ortaq inkişaf fəlsəfəsinin real təcəssümüdür.
12-ci Zirvə Görüşü nəticəsində qəbul edilən Bəyannamə Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uzunmüddətli strateji istiqamət verdi. “Türk Görüşü–2040” proqramının icrası üçün fəaliyyət planı təsdiqləndi, ortaq nəqliyyat, rəqəmsal və enerji infrastrukturunun inkişafı, habelə fövqəladə hallara cavab verən vahid mexanizmin yaradılması qərara alındı. Türk İnvestisiya Fondunun səlahiyyətləri genişləndirildi — o, artıq sənaye və enerji ilə yanaşı, yaşıl texnologiyalar sahəsində də layihələr maliyyələşdirəcək. 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə razılıq əldə olunması üzv dövlətlər arasında artan etimadın və koordinasiyanın göstəricisidir. Qəbələ–2025 Zirvə Görüşü, türk dövlətlərinin birliyinin təsdiqi ilə yanaşı, bu birliyin gələcəyə yönəlmiş real layihələrlə, güclü siyasi iradə və strateji iqtisadi baxışla möhkəmləndirildiyi mühüm mərhələ kimi yadda qaldı. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə bir daha sübut etdi ki, onun liderliyi sözlə deyil, əməli nəticələrlə ölçülür və regionda sabitliyin, əməkdaşlığın formalaşmasına xidmət edir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri