Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək
Müasir dövrdə su ehtiyatlarının azalması və iqlim dəyişikliklərinin təsiri dünya ölkələrini alternativ su mənbələrinin axtarışına yönəltmişdir. Bu baxımdan ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa ediləcəyi barədə qərar su təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və strateji addım kimi qiymətləndirilə bilər. Xəzər dənizinin sahilində yerləşən Azərbaycan üçün dəniz suyunun duzsuzlaşdırılması gələcəkdə içməli və texniki suya artan tələbatın ödənilməsində xüsusi əhəmiyyət daşıyır. Duzsuzlaşdırma zavodunun tikintisi ilk növbədə paytaxt Bakı və Abşeron yarımadasında su təminatının dayanıqlılığını gücləndirəcək. Əhalinin artımı, sənayenin inkişafı və urbanizasiyanın sürətlənməsi mövcud su mənbələrinə düşən yükü artırmışdır. Yeni zavod alternativ su mənbəyi yaratmaqla yeraltı və yerüstü su ehtiyatlarının qorunmasına, su çatışmazlığı risklərinin azaldılmasına xidmət edəcək. Bu layihə eyni zamanda ölkənin ekoloji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Dəniz suyunun müasir texnologiyalar vasitəsilə təmizlənməsi və duzsuzlaşdırılması tullantı sularının idarə olunması ilə paralel şəkildə həyata keçiriləcək. Bu isə su dövriyyəsinin daha səmərəli qurulmasına, təbiətə dəyən zərərin minimuma endirilməsinə imkan yaradacaq. Ətraf mühitin mühafizəsi ilə iqtisadi inkişaf arasında balansın qorunması dövlət siyasətinin əsas prinsiplərindən biri kimi bu layihədə də öz əksini tapır. Duzsuzlaşdırma zavodunun inşası sosial-iqtisadi baxımdan da müsbət təsirlər vəd edir. Layihə çərçivəsində yeni iş yerlərinin yaradılması, mühəndis və texniki kadrların hazırlanması, yerli mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnməsi mümkün olacaq. Bundan əlavə, su təminatının sabitliyi sənaye və kənd təsərrüfatının inkişafına əlavə stimul verəcək, xüsusilə suya həssas sahələrdə istehsalın davamlılığını artıracaq.
Nəticə etibarilə, ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa edilməsi təkcə mühəndis-texniki layihə deyil, uzunmüddətli strateji baxışın tərkib hissəsidir. Bu təşəbbüs dövlətin su ehtiyatlarının qorunması, alternativ mənbələrin yaradılması və gələcək nəsillərin təhlükəsiz su ilə təmin olunması istiqamətində atdığı düşünülmüş və məqsədyönlü addım kimi qiymətləndirilə bilər. Azərbaycanın dayanıqlı inkişaf modelində bu layihə mühüm yer tutacaq və su təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verəcək.
Veteran müəllim Vəfadar Niftəliyev





















