Ölkədə qazlaşma 96 faizə çatıbdır.
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə ölkə rəhbəri sosial-iqtisadi inkişaf sahəsində bir sıra məsələlər barədə çıxış etmişdir. Ölkənin qazlaşma məsələsinə toxunan cənab Prezident qeyd etdi ki, “Ölkədə qazlaşma 96 faizə çatıbdır. Əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, – bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, – Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir.”
Bu göstərici təkcə statistik rəqəm deyil, eyni zamanda dövlətin sosial yönümlü inkişaf strategiyasının real nəticəsidir. Son illər ölkə üzrə qazlaşdırma layihələrinin geniş miqyasda həyata keçirilməsi şəhər və kəndlər arasında infrastruktur fərqlərinin aradan qaldırılmasına mühüm töhfə verib. Xüsusilə ucqar və dağlıq ərazilərin təbii qazla təmin olunması əhalinin həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Qazlaşmanın 96 faizə çatması o deməkdir ki, milyonlarla vətəndaş artıq daha təhlükəsiz, ekoloji cəhətdən təmiz və iqtisadi baxımdan səmərəli enerji mənbəyindən istifadə edir.
Bu nailiyyətin arxasında sistemli dövlət siyasəti, uzunmüddətli planlaşdırma və böyük maliyyə resurslarının səfərbər olunması dayanır. Magistral və paylayıcı qaz xətlərinin çəkilməsi, köhnə infrastrukturların yenilənməsi, texniki təhlükəsizlik standartlarının yüksəldilməsi qaz təchizatının dayanıqlılığını təmin edən əsas amillərdir. Eyni zamanda, bu proses regionların sosial-iqtisadi inkişafını sürətləndirərək yerli sahibkarlıq və istehsal fəaliyyətinə də müsbət təsir göstərib.
Bu enerji təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Daxili resurslara əsaslanan qaz təchizatı enerji asılılığını minimuma endirir, uzunmüddətli perspektivdə iqtisadi sabitliyi möhkəmləndirir.
Qazlaşmanın yüksək səviyyəyə çatması eyni zamanda ətraf mühitin qorunmasına da xidmət edir. Təbii qazın istifadəsi bərk yanacaq növləri ilə müqayisədə atmosferə atılan zərərli maddələrin azalmasına səbəb olur. Bu isə şəhərlərdə və kənd yaşayış məntəqələrində ekoloji mühitin sağlamlaşmasına, əhalinin sağlamlığının qorunmasına müsbət təsir göstərir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi




















