Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir.
07 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Bu tədbir Türk dünyasının əməkdaşlıq tarixində mühüm siyasi mərhələ kimi qiymətləndirilir. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin çıxışı təşkilatın gələcək istiqamətlərinə dair mühüm mesajlar ehtiva etməklə yanaşı, Türk birliyinin qlobal siyasətdə artan rolunu bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı bu gün beynəlxalq sistemdə müstəqil səsə, formalaşmış siyasi iradəyə və artan nüfuza malik bir quruma çevrilib. Onun fikrincə, türk dövlətlərinin həm regional, həm də beynəlxalq səviyyədə vahid mövqedən çıxış etməsi təkcə üzv ölkələrin maraqlarını deyil, həm də bütövlükdə Avrasiya məkanında sabitlik və təhlükəsizliyi təmin edir. Cənab Prezident vurğuladı ki, müasir dövrdə baş verən geosiyasi dəyişikliklər fonunda türk dövlətləri arasında qarşılıqlı siyasi həmrəylik mühüm əhəmiyyət daşıyır. O, hər bir üzv ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmət prinsipinin TDT-nin əsas dayağı olduğunu qeyd etdi. Əliyevin fikrincə, bu birlik güc balansının qorunmasında mühüm amilə çevrilib və türk dövlətlərinin beynəlxalq arenada vahid siyasi mövqedən çıxış etməsinə imkan yaradır.
Bu çıxış, türk dövlətlərinin beynəlxalq təşkilatlarla münasibətlərində daha aktiv və balanslı siyasət yürütməsi üçün strateji çərçivə müəyyənləşdirdi. İlham Əliyev türk dünyasının birliyini yalnız iqtisadi maraqlar deyil, həm də ortaq siyasi dəyərlər üzərində qurmağın vacibliyini vurğuladı. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü və Prezident cənab İlham Əliyevin bu toplantıdakı çıxışı türk dünyasının siyasi inteqrasiyası və strateji əməkdaşlığı üçün mühüm dönüş nöqtəsi oldu. Onun səsləndirdiyi fikirlər türk dövlətlərinin qlobal siyasətdə birləşmiş mövqedən çıxış etməsi, ortaq maraqları müdafiə etməsi və gələcəkdə daha təsirli siyasi gücə çevrilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Prezident cənab Əliyevin nitqi bir daha göstərdi ki, Azərbaycan təkcə türk dünyasının coğrafi mərkəzi deyil, həm də onun siyasi, iqtisadi və mənəvi dayaqlarından biridir.
Famil Abbasov – Vətən müharibəsi iştirakçısı