Nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir.
07.10.2025-ci il tarixdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türk dünyasının siyasi tarixində dönüş nöqtəsi kimi yadda qalıb. Bu mötəbər tədbir uzun illərdir davam edən inteqrasiya proseslərinin konkret nəticələrini ortaya qoyaraq Türk dünyasının qlobal sistemdə yeni rolunu müəyyənləşdirib. Zirvə görüşündə çıxış edən Prezident cənab İlham Əliyev türk birliyinin mahiyyətini praqmatik maraqlar, qarşılıqlı siyasi güvən və müasir dünyada müstəqil qərar qəbul etmə qabiliyyəti ilə izah edib. Bu amillər sübut edir ki, Türk dövlətləri artıq regional hadisələrin müşahidəçisi deyil, qlobal siyasi gündəmi formalaşdıran subyektə çevrilib. Hazırda TDT-nin fəaliyyəti yalnız iqtisadi və mədəni əməkdaşlıqla məhdudlaşmır, bu təşkilat Avrasiya məkanında güc mərkəzlərindən birinə çevrilir. Nəticədə, türk birliyi artıq sadəcə əməkdaşlıq formatı deyil, beynəlxalq səviyyədə strateji təsir platforması kimi çıxış edir. Həmin mövqenin əsasında uzun illər ərzində qurulmuş siyasi əlaqələr, hərbi koordinasiya və iqtisadi inteqrasiyanın möhkəm təməlləri dayanır. Türk dövlətləri dünyanın ən mühüm enerji resurslarına, tranzit yollarına və demoqrafik potensiala malikdir. Həmin resurslar ümumi türk məkanının qlobal təsir gücünü müəyyənləşdirir.Türk dünyasının səsi Avrasiya miqyasında eşidilir və bu, real siyasi təsir faktorudur. Azərbaycanın Katibliyə iki milyon ABŞ dolları məbləğində ianə etməsi birliyin praktiki fəaliyyətinə verilən dəstəyin bir təzahürüdür. Belə addım dövlətimizin türk dünyasının siyasi və iqtisadi birliyinə sarsılmaz töhfə vermək əzmini nümayiş etdirir. Dünyada münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni risklərin artdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri sülhü qorumaq və regional sabitliyi təmin etməkdir. Naxçıvan Sazişində təsbit olunan həmin məqsəd hazırda daha aktual xarakter daşıyır. Azərbaycanın Türkiyə ilə keçirdiyi çoxsaylı birgə hərbi təlimlər TDT məkanında təhlükəsizlik koordinasiyasının dərinləşməsi üçün praktik model rolunu oynayır. Bu əməkdaşlıq mexanizmləri sayəsində Türk dövlətləri hərbi və təhlükəsizlik sahəsində öz imkanlarını birləşdirərək ortaq müdafiə sisteminin əsaslarını formalaşdırırlar. Prezident İlham Əliyevin gələn il ərzində TDT ölkələrinin Azərbaycanda birgə təlim keçirməsi barədə təklifi bu istiqamətdə mühüm addım olacaq. Bu təşəbbüs bir daha sübut edir ki, təhlükəsizlik – iqtisadi tərəqqi və sülhün əsas şərtidir. Dövlətimizin başçısı çıxışında ölkəmizin ədalətli sülh siyasətinin nəticələrini diqqətə çatdırıb. Vaşinqtonda paraflanmış sülh sazişi Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq dövrünü başlatmaq potensialına malikdir. Bu saziş yalnız regionun deyil, bütün türk coğrafiyasının təhlükəsizlik sisteminə töhfə verir. Həmin siyasət Türk dünyasının beynəlxalq münasibətlərdə sülhə əsaslanan model təqdim etdiyini göstərir.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.