Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr
Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi bu gün Ağdamda böyük quruculuq işləri həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də Ağdama gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başısının 2021-ci mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günündə həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verilib. 2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və noyabrın 4-də səfər edib. Bu səfərlər zamanı fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub. 2023-cü il noyabrın 15-də isə Ölkəmizin rəhbəri Ağdam rayonuna səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Cənab Prezidentin rayona hər bir səfəri burada aparılan işlərin daha da sürətlənməsinə səbəb olur. Bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır.
Bu gün Ağdamdakı quruculuq işləri çox böyük sürətlə aparılır. Cənab Prezident İlham Əliyevin 2025-ci ildə Ağdam rayonuna olan səfərləri bu işlərə xüsusi təkan verib. Bu il rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın, klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları keçirilib.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini






















