image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-prezident-qubadli

Mühüm infrastruktur layihə

image-legitimaz-810x90

Mühüm infrastruktur layihə

Azərbaycan tarixinin ən şanlı günlərindən biri olan 25 oktyabr 2020-ci il xalqımızın yaddaşına Qubadlının azad edildiyi gün kimi əbədi həkk olunub. Bu gün təkcə bir şəhərin azadlığı deyil, həm də Azərbaycan xalqının milli qürurunun, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyinin və rəşadətli Ordumuzun qəhrəmanlığının təntənəsidir. Qubadlı 27 il düşmən tapdağı altında qaldı. 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon tamamilə dağıdılmış, kəndlər viran edilmiş, minlərlə ailə doğma yurdlarından didərgin salınmışdı. Düşmən yalnız torpağımızı işğal etməmiş, həm də Azərbaycan xalqının mədəni və tarixi irsinə qarşı vandalizm siyasəti həyata keçirmişdi. Məscidlər, məktəblər, körpülər və yaşayış evləri yerlə yeksan edilmiş, torpaq amansızlıqla talan olunmuşdu. Lakin Azərbaycan xalqı ədalətin gec-tez bərpa olunacağına inanırdı. Bu inamın, bu iradənin rəmzi isə Prezident cənab İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb” sözlərində öz ən ali ifadəsini tapdı.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Bu müharibədə Qubadlının azadlığı uğrunda döyüşlər xüsusi strateji əhəmiyyət daşıyırdı. Qubadlı şəhəri və ətraf ərazilər düşmən tərəfindən möhkəm müdafiə xəttinə çevrilmişdi. Yüksəkliklərdə yerləşən istehkamlar Ordumuzun irəliləməsini çətinləşdirirdi. Lakin Azərbaycan Ordusu müasir döyüş taktikası, yüksək peşəkarlıq və böyük fədakarlıq göstərərək bu istehkamları bir-bir yarıb keçdi. Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad edildi, strateji yüksəkliklər ələ keçirildi və 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri tam azad olundu. Bu tarixi qələbə Azərbaycanın müharibədə üstünlüyünü möhkəmləndirdi və Zəfər Gününə aparan yolun əsas mərhələlərindən biri oldu. Qubadlının azad edilməsindən sonra cənab Prezident cənab İlham Əliyev dəfələrlə bu torpaqlara səfər edib. Bu səfərlər həm dövlətin diqqət və qayğısının, həm də yenidənqurma işlərinin sistemli şəkildə həyata keçirilməsinin bariz nümunəsidir. 23 dekabr 2020 – Qubadlıda Azərbaycan bayrağı ucaldıldı. 25 oktyabr 2021 – “Qubadlı” yarımstansiyasının və Xanlıq-Qubadlı yolunun təməli qoyuldu, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açıldı. 19 oktyabr 2022 – “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq oldu. 4 may 2023 – Qubadlı şəhərində ilk yaşayış məhəlləsi, inzibati bina, məktəb və xəstəxananın təməlqoyma mərasimləri keçirildi. Bu səfərlərdə cənab Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, azad edilmiş torpaqların bərpası dövlətin əsas prioritetidir və Qubadlı Azərbaycanın gələcək inkişaf xəritəsində mühüm yer tutur. Bu gün Qubadlı böyük quruculuq meydanına çevrilib. Burada inşa edilən yeddi yarımstansiya, Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları, “Qubadlı” gömrük postu və digər mühüm infrastruktur layihələr bölgənin iqtisadi və strateji əhəmiyyətini artırır. Qubadlıda aparılan yenidənqurma işləri yalnız fiziki quruculuq deyil, həm də xalqın ruhunun dirçəlişi, torpaqla və tarixlə birləşməsi deməkdir. Bu gün orada yeni məktəblər, xəstəxanalar, yaşayış massivləri, kənd təsərrüfatı sahələri yaradılır. Qubadlı müasir texnologiyalı, yaşıl enerji prinsipləri üzərində qurulan gələcəyin şəhərinə çevrilir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki