Müasir dünyada su problemi, xüsusilə əhalinin içməli suya tələbatının təmin olunması enerji təhlükəsizliyi qədər strateji əhəmiyyət kəsb edir
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində məsələnin ölkəmiz üçün də kifayət qədər aktual olduğunu və bu səbəbdən əlavə tədbirlərin görülməsinə ehtiyac duyulduğunu xüsusi qeyd etdi: “Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq”.
Cənab Prezidentin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirə göstərdi ki, bu sahədə nəzərdə tutulan tədbirlərin əhatə dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Dövlət Proqramının qəbulu həm də onu göstərir ki, bütün maneə və təzyiqlərə baxmayaraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan artıq yeni çağırışların həllinə fokuslanıb, bunun üçün vaxt və imkan qazanıb. Uzun illər, xüsusilə müstəqilliyimizin ilk dövründə əhalinin elektrik enerjisinə və təbii qaza olan tələbatının təmin olunmasında hansı çətinliklərin yaşandığını, yəqin ki, çoxlarımız xatırlayır. Neft-qaz ölkəsi sayılan Azərbaycan o zaman əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatını heç orta səviyyədə də təmin edə bilmirdi. Yol infrastrukturu isə nəzarətsizlik və imkansızlıq səbəbindən bərbad vəziyyətə düşmüşdü.
Müasir dünyada su problemi, xüsusilə əhalinin içməli suya tələbatının təmin olunması enerji təhlükəsizliyi qədər strateji əhəmiyyət kəsb edir. Nüfuzlu beyin mərkəzlərinin proqnozlarına görə, yaxın gələcəkdə içməli su qıtlığının aradan qaldırılması əksər ölkələr üçün bir nömrəli vəzifəyə çevriləcək. Dünya əhalisinin kəskin artımı, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi problemin qlobal səbəblərindən hesab olunsa da, subyektiv amillərin mövcudluğu da danılmazdlr.
Bu gün isə əhalinin 96 faizi təbii qazla təchiz olunur, Azərbaycan nəinki özünü təmin edir, hətta bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Son 20 il ərzində görülən tədbirlər sayəsində ölkəmizin generasiya gücü 10 min meqavata çatdırılıb. Müasir Azərbaycan artıq elektrik enerjisinin ixracı ilə bağlı planlar qurur, xarici tərəfdaşlarla danışıqlar aparır. Bu illər ərzində təkcə Bakıda 2500 kilometr yeni yol infrastrukturu salınıb, 50 tunel və bir o qədər körpü inşa olunub. Nəqliyyat sıxlığının azaldılması üçün paytaxtda əlavə 10 metro stansiyasının tikintisi də nəzərdə tutulur. Bir vaxtlar beynəlxalq maliyyə institutlarının kreditləşdirmək istəmədiyi Azərbaycanın valyuta ehtiyatı bu gün 84 milyard ABŞ dollarına çatıb, xarici borcu isə ÜDM-in cəmi 6,3-6,4 faizini təşkil edir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

















