Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin önəmli təşəbbüsü
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin binası üzərində dalğalanan sovet bayrağının endirilməsi ağlasığmaz tarixi hadisə idi. Naxçıvan Muxtar Respublikasında sovet bayrağının dövlət iqamətgahının üzərindən götürülməsi SSRİ-nin çökəcəyinin birinci anonsu olmuşdu. Bu, Heydər Əliyevin sovet dövlətinin dağılmasına vurduğu ölümcül zərbənin gerçək ifadəsi idi. O zamana qədər keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında sovet dövlət bayrağının endirilməsi hadisəsi baş verməmişdi. Məhz Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi sayəsində SSRİ-nin dağıdılmasının əsasını qoyan sovet bayrağının ləğv edilməsi hadisəsi ilk dəfə Naxçıvan Muxtar Respublikasında baş verdi. Bununla nəinki Azərbaycanda, geniş mənada SSRİ-də sovet dövlətinin sarsılmaz bir ittifaqdan ibarət olması haqqındakı mif dağıdıldı. Yeni dövlət bayrağı seçimi məsələsində mühüm cəhətlərdən biri sovet bayrağının hansı qaydada yeniləşdirilməsi ilə əlaqədardır. Çünki bu məqamda daha çox sovet dövlət bayrağının üzərindəki sosialist sistemini rəmzləşdirən oraq və çəkic atributlarından imtina etmək ön mövqedə dayanırdı. 17 noyabr 1990-cı il sessiyasında Naxçıvan MSSR anlayışında dəyişiklik edilərkən də “Sovet Sosialist” sözlərindən imtina olunmuşdu. Bayraq məsələsində sovet dövrünün simvolikası olan oraq və çəkici çox asanlıqla qılınc və qələmlə əvəz etməklə məsələni nisbətən yumşaq formada həll etmək mümkün idi. Bu, sovet hakimiyyətinin özünə düşmən elan etdiyi və 70 il ərzində əleyhinə mübarizə apardığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qəbul etməklə müqayisədə nisbətən daha ağrısız ötüşə bilərdi. Bundan başqa, SSRİ adlanan dövlət sovet hakimiyyəti illərində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli bayrağı nəinki çoxdan hər yerdən yığışdırmış, büsbütün unutdurmuş, yaddaşlardan silmişdi. Bütün bunlara baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev sovet bayrağının atributlarının dəyişdirilməsinə yox, SSRİ bayrağından tam imtina edilməsinə qərar vermişdi: “Hələ sovet sosialist sisteminin yaşamaqda davam etdiyi çətin və mürəkkəb tarixi bir şəraitdə Heydər Əliyevin iradəsi ilə sovet bayrağının Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli Azərbaycan bayrağı ilə əvəz olunması bütövlükdə mövcud siyasi sistemdən imtina edilməsi demək idi. Hələ SSR-nin yaşadığı, Heydər Əliyevin Siyasi Bürodakı əleyhdarlarının ən yüksək dövlət vəzifələrində fəaliyyətlərini davam etdirdikləri bir şəraitdə uzaqgörən dövlət xadiminin böyük cəsarətlə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağının üzərində kosmetik dəyişikliklər etmək yolu ilə getməyərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağını qəbul etmək haqqında qərar qəbul etməsi müstəqil dövlətçilik tariximizin mühüm və nadir tarixi hadisəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarın Ali Məclisin sessiyasında görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən elan olunması sadə xalq deputatının Azərbaycan xalqının lideri qismində çıxış etməsinin real göstəricisi idi”.
Zərdab rayon Allahqulubağı kənd sakini – Rahim Həmidov





















