Məqsədyönlü və prinsipial siyasət
Müstəqil Azərbaycanın inkişaf yolu dövlət başçısının apardığı məqsədyönlü və prinsipial siyasət sayəsində müəyyənləşib. Prezident cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən qarşısına aydın bir məqsəd qoymuşdu – güclü, müasir, qüdrətli Azərbaycan dövləti qurmaq. Bu məqsədə nail olmaq üçün siyasi sabitlik, iqtisadi yüksəliş və ordu quruculuğu əsas istiqamətlər kimi müəyyənləşdirildi.
Prezident cənab İlham Əliyevin siyasətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Çünki güclü dövlətin dayağı güclü ordudur. Uzun illər ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Yeni hərbi hissələr tikildi, hərbçilərin sosial təminatı yaxşılaşdırıldı, müasir texnika və silah-sursatla təminat artırıldı. Bu proses təkcə texniki yenilənmə deyil, həm də milli ruhun, vətənpərvərlik hissinin güclənməsi ilə müşayiət olundu. Azərbaycan Ordusunun bu səviyyəyə çatması planlı, məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir. Prezident cənab İlham Əliyev daim qeyd edib ki, “bizim əsas məqsədimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.” Uzun illər ərzində danışıqlar masasında prinsipial mövqe nümayiş etdirən Azərbaycan, eyni zamanda, ordusunu ən yüksək səviyyədə gücləndirirdi. Dövlət başçısının qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan diplomatiyada sülh tərəfdarı kimi çıxış etsə də, hər zaman torpaqlarını azad etməyə hazır idi.
Bu məqsədyönlü siyasətin real nəticəsini dünya 2020-ci ildə gördü. “Dəmir yumruq” əməliyyatı adlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm Qələbə qazandı. Bu Zəfər uzun illər ərzində qurulan möhkəm ordu sisteminin və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsi idi.
Prezident cənab İlham Əliyevin siyasətində prinsipiallıq təkcə hərbi sahədə deyil, həm də beynəlxalq münasibətlərdə, iqtisadi və sosial islahatlarda özünü göstərir. Onun rəhbərliyi altında Azərbaycan regionda lider dövlətə çevrilib, beynəlxalq aləmdə söz sahibi kimi tanınıb.
Bu gün Azərbaycan güclü iqtisadiyyatı, möhkəm ordusu və birliyi ilə müstəqil siyasət yürüdən ölkədir. Bu reallığın əsasında məqsədyönlü və prinsipial dövlət siyasəti dayanır. Prezident cənab İlham Əliyevin dediyi kimi, “Biz elə güclü olmalıyıq ki, heç kim bizimlə hesablaşmadan qərar qəbul edə bilməsin.”
Məhz bu prinsipial mövqe, uzaqgörənlik və dövlətə sədaqət sayəsində Azərbaycan bu gün qalib, müstəqil və qüdrətli bir ölkə kimi inkişafını davam etdirir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə






















