Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması.
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Prezident cənab İlham Əliyevin respublikamıza rəhbərliyi illərində Azərbaycanın sürətli yüksəlişi, yaratdığı inkişaf nümunələri göstərdi ki, Heydər Əliyev ideyaları layiqincə davam etdirilir. Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən 22 ildə keçdiyimiz möhtəşəm inkişaf yolu respublikamızı regionda liderə, dünyada söz sahibinə çevirib. Azərbaycan uzun illərdir ki, kosmik klubun üzvüdür, regionun nəqliyyat qovşağıdır. Bu illər ərzində Prezident İlham Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri müstəqilliyimizin əsaslarını daha da möhkəmləndirməsi, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməsi olub. Eyni zamanda güclənən və inkişaf edən Azərbaycan günlərin birində torpaqlarını güc yolu ilə işğaldan azad edə biləcəyini də heç vaxt gizlətməyib. Ermənistana və dünya erməniliyinə də agah idi ki, əgər Azərbaycan ən çətin vaxtlarında onların şərtlərini yaxına buraxmayıbsa, deməli, gücləndikdən sonra istənilən yolla ərazilərini işğaldan azad edəcək. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Lakin Ermənistan və onun arxasında dayanan dünya erməniliyi respublikamıza qarşı məkrli niyyətlərindən, ərazi iddialarından əl çəkmək istəmədilər və bununla da Azərbaycanın dövlət suverenliyinə qarşı çıxdılar. Eyni zamanda Ermənistan imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Qarabağdakı silahlı dəstələrini çıxarmadı. Və nəinki tör-töküntülərini çıxarmadı, hətta mütəmadi olaraq hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı terror təxribatları həyata keçirdi. Həmçinin, ərazilərimizin minalanması davam etdirildi. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına da ara vermədi. Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az davam edən əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Rayon Ağsaqqallar Şursının üzvü- Babək Əliyev