Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması
44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edildi. Postmüharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük Qayıdış Konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün lazımi işlər görülür.
Ən başlıcası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir.
Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu görülən tədbirlərin məntiqi nəticəsi idi ki, həmin il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşu bərqərar oldu.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc