image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-93d4938d374b2f9cc41624ef8717dae2

Kreml liderinin yeni “Ukrayna dövləti” planı

image-legitimaz-810x90

Moskvaya sığınmış Yanukoviç bu halda prezident ola bilər

10 ildən çoxdur Rusiyada sığınacaq verilmiş Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç aktivləşməyə başlayıb. Onun iki gün öncə uzun fasilədən sonra yayımladığı videomüraciətinin Rusiya Prezidenti Vladimir Putinin təlimatıyla həyata keçirildiyi iddia edilir. Sabiq prezident dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini, ancaq NATO-ya üzvlüyün fəlakətə aparacağını söylədiyini bəyan edib. 

Eyni sözləri Putin həmin gün Çində Slovakiya baş naziri Robert Fitso ilə görüşdə deyib. O deyib ki, Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir.

Siyasi ekspertlərin fikrincə, Vladimir Putinin göstərişi və icazəsi olmadan Viktor Yanukoviçin Ukrayna ilə bağlı açıqlama verməsi, videomüraciət yayması qeyri-mümkündür. Yanukoviç danışmağa başlayıbsa, demək, Kreml düyməni basıb.

Kreml niyə Ukraynanın devrilmiş sabiq prezidentinin “xidmətinə” ehtiyac duyub? Rusiya Yanukoviçi Ukraynada, yaxud da işğal etdiyi Ukrayna ərazisini “Şərqi Ukrayna dövləti” elan edib orada hakimiyyətə gətirə bilərmi?

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

Siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Ukraynanın devrilmiş sabiq prezidenti Viktor Yanukoviçin hələ hakimiyyətdə olduğu zamanlardan Rusiyanın əlaltısı olduğu bütün dünyaya bəlli idi: “Bunu Yanukoviçin özü də heç zaman gizlətməyib. Moskva Ukraynada Yanukoviçin hakimiyyətdən getməməsi üçün çox çalışmışdı. Lakin Viktor Yanukoviç xalqın və müxalifətin təzyiqləri qarşısında duruş gətirə bilməyərək hakimiyyətdən getdi və vətənini tərk edərək ağasının qucağına sığındı. Kreml öz adamını uzun müddətdir qoruyur və zamanı gələrsə yenidən siyasi səhnəyə çıxarmaq üçün saxlayırdı. İndi belə görünür ki, həmin zamanın yaxınlaşdığını düşünürlər və ona görə də Viktor Yanukoviçə hərəkətə keçmək komandası verilib. Bu baxımdan onun müraciət formasında çıxışı təsadüf deyil və bu, Kremlin planlarının tərkib hissəsi kimi qəbul edilməlidir. Rusiya lideri Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı toplantısı çərçivəsində verdiyi  bəyanatlarda Ukraynadakı 2014-cü il Maydan hərəkatını xatırlatması və bunu dövlət çevrilişi adlandırması Volodimir Zelenskinin hakimiyyətinin qeyri-legitimliyini, Yanukoviçin isə qanunsuz olaraq hakimiyyətdən uzaqlaşdırıldığını isbatlamaq cəhdidir. Maraqlı detallardan biri ondan ibarətdir ki,  Rusiyanın özünə ilhaq etdiyi Ukrayna vilayətlərindən “müstəqil dövlət” qurmaq ideyası da artıq Kremlə yaxın  şəxslər, siyasi dairələrə tərəfindən səsləndirilməyə başlayıb. Ona görə də Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərini “Şərqi Ukrayna”, “Dnestraynı Respublika” və ya başqa bir ad altında ayrıca “dövlət” elan edib tanıması, ardınca isə Viktor Yanukoviçi həmin “dövlətin” başına gətirməsi ehtimalı istisna deyil”.

Ekspertin sözlərinə görə, Kremldə yaxşı anlayırlar ki, Moskvanın adamı olan Yanukoviçi hətta Zelenski hakimiyyətdən getsə belə, Ukraynanın prezidenti etmək mümkünsüzdür: “Xalqa bunu qəbul etdirmək asan deyil. Amma işğal etdikləri və nəzarətlərində saxladıqları ərazilərdə bunu etmək Moskvaya elə də çətin görünmür. Görünür, Kreml beynəlxalq aləmin təzyiq və qınaqlarından yayınmaq üçün həmin ərazidə qondarma rejim yaratmaq iddiasına düşüb. Digər tərəfdən, Yanukoviç siyasi karyerasının yüksəlişi dönəmində Ukraynanın şərq vilayətlərində rusdilli əhali arasında müəyyən populyarlığa malik idi. Bununla belə, düşünmürəm ki, təcavüzdən sonra Kreml və onun görəvə gətirmək istədiyi, fəallaşdırdığı Yanukoviçə həmin münasibət qalmış olsun. Kreml Yanukoviçi ehtiyat variantı kimi saxlamışdı. Və sabiq uğursuz prezidentdən istifadə etmək qərarına gəlib. Onun özü də bəzi iddialı bəyanatlar verməyə başlayıb. Ən ağılabatanı Rusiya Ukraynada “Dnestryanı Respublika” yaratmaqla özünün işğalçı niyyətlərini pərdələməyə və onu danışıqlar  prosesinə daxil etməyə çalışacaq. Rusiyanın qaynar separatizm ocaqları yaratmaq və idarə etmək təcrübəsi var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki