İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək.
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi xüsusi rol oynayır. Onun təşəbbüsü ilə iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda, iqtisadi, enerji, təhsil və mədəni sahələrdə də etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb, həmin ilin mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəs¬mi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdı. Həmin səfərdən sonra qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başladı və bundan sonra bir sıra səfərlər həyata keçirildi.1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi açılıb.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Prezident cənab İlham Əliyevin 2020-ci ilin fevralında İtaliya-ya dövlət səfəri baş tutub. Böyük uğurla keçən səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya, ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezident cənab İlham Əliyevin iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binasının açılışı oldu, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edildi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair sazişlərin imzalanma mərasimi keçirildi. Dövlətimizin başçısının, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə ötən ilin sentyabrın 4-də Romaya işgüzar səfəri də gerçəkləşib və Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Ötən gün İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri isə bu strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir və iki ölkə arasında qarşılıqlı etimadın, əməkdaşlığın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal