İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
Milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan dünyada ləyaqətli dövlət imici qazanıb. Respublikamız yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə Azərbaycan dövlətinin və Liderinin nüfuzunun getdikcə artmasının nəticəsidir. Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük yeddilik”də təmsil olunan İtaliyanın Azərbaycanla əlaqələrin əhatə dairəsinin genişləndirilməsinə xüsusi maraq göstərməsi buna əyani nümunələrdən biridir. İki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi respublikamızın inkişaf modelinin, iqtisadi imkanlarının, milli maraqlara və beynəlxalq hüquqa əsaslanan siyasi mövqeyinin, Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin bütün dünyada, o cümlədən də İtaliyada yüksək dəyərləndirildiyini bir daha əyani şəkildə təsdiqləyir.
Azərbaycanla İtaliya arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoq iki ölkə arasındakı çoxvektorlu münasibətlərin təməlində dayan əsas amil qismində çıxış edir. Əlaqələrin dinamikasına hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin müntəzəm hal alan səfərləri öz müsbət təsirini göstərir. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün mühüm başlanğıc olub. Ulu Öndərin əsasını qoyduğu ənənə 2003-cü ildən bəri Prezident cənab İlham Əliyevin səyləri sayəsində uğurla davam etdirilib. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Onun bu günlərdə respublikamıza baş tutan səfəri sayca ikincidir. Dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Bundan sonra Prezident cənab İlham Əliyev 2022-ci və 2024-cü illərdə dost ölkədə səfərlərdə olub. Bu səfərlər çərçivəsində Romada Azərbaycanın səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib və digər mühüm sənədlər imzalanıb. Dövlətimizin başçısının bildirdiyi kimi, artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri