İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur.
2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılmışdı.
Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.Ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edəcəkdir. İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Əminliklə söyləmək olar ki, bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc