İqtisadi inkişaf modeli.
İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.
Ümummilli Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Ümummilli lider Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Ulu Öndərin apardığı bu siyasət bir sahəni deyil, bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur.
Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu.
Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi