Azərbaycan xalqı tarix boyu bir çox sınaqlardan keçmiş, lakin hər zaman birlik və həmrəylik sayəsində bütün çətinliklərin öhdəsindən gəlmişdir. 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi bu milli birliyin və həmrəyliyin ən parlaq təzahürü oldu. Xalq, ordu və dövlət bir amal uğrunda – Vətən torpaqlarının azadlığı uğrunda birləşdi. Bu həmrəylik Azərbaycanın tarixində misilsiz bir qələbənin – 8 Noyabr Zəfərinin əldə edilməsinə gətirib çıxardı.
Müharibənin ilk günlərindən etibarən xalqımız sarsılmaz iradə və böyük vətənpərvərlik nümayiş etdirdi. Cəbhədə döyüşən əsgərlərimizin arxasında milyonlarla insanın duası, dəstəyi və sevgisi dayanırdı. Kimsə ön cəbhədə vuruşur, kimsə arxa cəbhədə yardım kampaniyalarına qoşulur, kimsə isə informasiya müharibəsində fəal iştirak edirdi. Hər bir azərbaycanlı – yaşından, peşəsindən və mövqeyindən asılı olmayaraq – Vətənin müdafiəsinə öz töhfəsini verməyə çalışırdı. Bu, xalqımızın vahid yumruq kimi birləşdiyi anlar idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu. Qələbə yalnız hərbi deyil, həm də mənəvi zəfər idi. Bu müharibə Azərbaycan xalqının gücünü, birliyini və milli ruhunu bütün dünyaya nümayiş etdirdi. Qarabağın azadlığı uğrunda həmrəy olan xalqımız bir daha sübut etdi ki, milli birlik mövcud olduqda, heç bir qüvvə Azərbaycanı məğlub edə bilməz.
Bu gün 8 Noyabr – Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də xalqın birliyinin bayramıdır. Müharibə dövründə yaranmış həmrəylik, qarşılıqlı hörmət və vətənpərvərlik ruhu artıq cəmiyyətin ayrılmaz hissəsinə çevrilmişdir. Biz bir daha dərk etdik ki, dövlətin gücü onun xalqında, xalqın gücü isə birliyindədir.
İkinci Qarabağ müharibəsi milli həmrəyliyimizin möhkəmlənməsinə, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsinə və milli kimliyimizin daha da güclənməsinə mühüm təsir göstərdi. Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq işlərində də həmin birlik və əməkdaşlıq ruhu davam edir. Xalqımız artıq təkcə Zəfər qazanmış xalq deyil, həm də birliyi ilə gələcəyə inamla addımlayan qalib xalqdır.
Zəfər Günü bizə xatırladır ki, milli birlik və həmrəylik qorunduğu müddətcə, Azərbaycan dövləti hər zaman güclü, xalqımız isə yenilməz olacaqdır.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumitəhsil məktəbinin müəllimi






















