Geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir.
Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri zamanı keçirdiyi görüşlərdə, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında da ölkəmizin iqtisadi qüdrətindən, investisiya cəlbediciliyindən, aparılan təkmil islahatlardan geniş bəhs edildi. Azərbaycanın nəqliyyat imkanları xüsusi vurğulandı. Qazaxıstan Prezidenti bildirdi ki, hər iki tərəf müştərək müəssisələrin yaradılmasına marağı ifadə etdi və bu məsələdə əhəmiyyətli irəliləyişlər var. Transformatorların birgə istehsalını təşkil etmək planlaşdırılıb. Mənzil və infrastruktur obyektlərinin tikintisi aparılır, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır. Hökumətlərə bu istiqamətləri nəzarətdə saxlamaq və ən qısa müddətdə sənaye əməkdaşlığının inkişafı üzrə plan və ya yol xəritəsi qəbul etmək tapşırılıb. Perspektivli, qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyətinin aktivləşdirilməsi qərara alınıb. İki ölkənin işgüzar dairələri arasında təmasların gələcəkdə də genişləndirilməsinin zəruriliyi qeyd olunub. Bununla bağlı səfər çərçivəsində keçirilən Qazaxıstan-Azərbaycan biznesforumu böyük əhəmiyyətə malikdir. Danışıqlar zamanı infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir. Belə ki, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək. Energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli üzrə birgə işimiz məmnunluqla qeyd edildi. Bu rəqəm açıqlandı ki, keçən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil edib. Yaxın vaxtlarda bu həcmi xeyli artırmaq nəzərdə tutulur. Milli enerji sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin su altında elektrik kabelinin çəkilməsidir. Bu, yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək. Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü çərçivəsində böyük iş aparılır. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinun təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçid uğurla həyata keçirilir. Bərpaolunan enerji mənbələrinə yatırılan investisiyalatın həcmi artırılır. Bu istiqamətdə birgə layihələrin icrası istiqamətində mühüm addımlar atılır. Azərbaycanın enerji diplomatiyasının uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində omzalanan sənədlər arasında energetika sahəsinə xüsusi önəmin verildiyi də diqqətdən kənarda qalmadı. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” və “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalandı. Onu da qeyd edək ki, bugünədək Azərbaycan iqtisadiyyatına 350 milyard dollar investisiyanın yatırılması özündə mühüm məqamları ehtiva edir. Bu rəqəmin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatıran qüdrətli dövlətə çevrilib. Əlbəttə ki, bütün bunlar həyata keçirilən düşülmüş siyasətin, təkmil islahatların nəticəsidir.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.
























