Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi həmin ərazilərinin yerli mülki əhalisinin etnik təmizlənməsi ilə nəticələnən kütləvi qırğınlarla müşayiət edilmişdir. Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhərləri, qəsəbələri, yaşayış məntəqələri və kəndlərini işğal edərkən eyni hərbi taktikadan istifadə edirdi: mümkün olduqda yaşayış məntəqələrini hərbi mühasirəyə alır; mümkün qədər çox insanı öldürmək məqsədilə mülki şəxsləri hədəf alaraq kortəbii atəş açır; insanları girov götürüb onları kütləvi təcavüz, işgəncə və başqa alçaldıcı rəftarlara məruz qoyurdu.
1990-cı illərin əvvəlində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 000 insan öldürülmüş və 50 000 insan yaralanmış və ya əlil olmuşdur. Eynilə, 1980-ci illərin sonunda təxminən 250 000 azərbaycanlı Ermənistandan qovulmuşdur. Beləliklə, bir zamanlar indiki Ermənistanda əksəriyyət təşkil edən Azərbaycan əhalisi öz əzəli torpaqlarından tam şəkildə etnik təmizlənməyə məruz qalmışdır. Ermənistanın təcavüzü nəticəsində, 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.
Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
Prezident cənab İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu məsələni bir daha vurğuladı. Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
“Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı”.
44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular. Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva