Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb.
Ermənistan hələ 30 illik işğal dövründə torpaqlarımıza 1 milyondan çox mina basdırıb. Müharibə bitsə də onun ağır fəsadları hələ də özünü göstərməyə davam edir. İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız düşməndən təmizlənsə də olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması ciddi əngəl olaraq qalmaqdadır. Məhz sözügedən problemin aradan qaldırılması ilə bağlı müvafiq qurumlar minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində təqdirəlayiq addımlar atırlar. Bu sahədə görülən işlər yüksək templə davam edir. Ermənistan tərəfinin basdırdığı minalar həm mülki əhali, həm də ətraf mühit üçün hələ də təhlükə törədir. Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların Azərbaycanın təkcə müharibədən zərər çəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaq yerlərində də aşkarlanması bunu bir daha təsdiqləyir. Birinci Qarabağ müharibəsi dövründə qəsbkarların mina terroru geniş əraziləri əhatə edirdi. 30 ilə yaxın bir dövr ərzində torpaqlarımızda hərbi istehkamlar quran ermənilər ölüm tələsini demək olar ki, bütün ərazimizə yaydılar. Bu gün həmin minalar dinc əhali üçün hələ də böyük təhlükə mənbəyi hesab olunur. Məsələ ilə bağlı yayılan bir sıra rəsmi məlumatlarda İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra ölkəmizin ərazisində xeyli sayda mina və partlamamış hərbi sursat olduğu bildirilib. Ermənistan tərəfinin törətdiyi bu əməllər beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozur. Məsələn, 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Eyni zamanda konvensiyada əraziləri minalamış tərəfin müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməli olduğu da sənəddə öz əksini tapıb. Əfsuslar olsun ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan hökuməti bu məsuliyyətdən də boyun qaçırır. Ermənistan bu cür mövqe sərgiləməklə 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini də kobud şəkildə pozur. Bu əməllər beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanmalı və Ermənistan hökuməti məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın sülh vədləri artıq ənənəvi ritorikanın davamı olaraq qiymətləndirilir. Digər tərəfdən, mina xəritələrinin verilməsi ilə bağlı bu günə qədər həm Azərbaycan tərəfi, həm də bir çox ölkələr fərqli platformalarda Ermənistana müraciətlər ünvanlayıblar. Təəssüflər olsun ki, rəsmi İrəvan bu cür konstruktiv danışıqların tərəfi olmaqdan boyun qaçırıb. Hətta Amerikanın və ya Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin reallıqla üst-üstə düşməməsi faktı da onu göstərir ki, bu məsələdə hayların mövqeyi destruktivliyə xidmət edir. Ümumiyyətlə, Ermənistan kimi işğalçılıq ideologiyasını mənimsəmiş bir dövlət üçün insan həyatının önəminin olmadığını və öz hədəflərinə çatmaq üçün bütün müharibə cinayətlərini həyata keçirməkdən çəkinməyəcəyi aydın bir gerçəkdir. Mina terroru yalnız Qarabağ bölgəsini deyil, ölkəmizin gələcəyini də təhdid altında saxlayır. Müvafiq qurumların bu sahədəki səyləri, habelə beynəlxalq təşkilatların dəstəyi ilə bu problemin tam həll olunacağına ümid bəslənilir. Azərbaycan xalqı üçün minalardan təmizlənmiş təhlükəsiz bir gələcək qurmaq əsas məqsədlərdən biridir.
Mina partlayışları çox zaman “təmas xətti” deyilən ərazilərdən çox-çox uzaqlarda baş verir. İnsanların həyatını itirməsinə, ağır xəsarətlər almasına səbəb olan bu faciələrin 70 faizi müdafiə məntəqələrində deyil, keçmiş təmas xəttindən uzaq, mülki ərazilərdə qeydə alınır. Ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkməkdədir. İşğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur.Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir.Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur.
Ehtiram Osmanov Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı