Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır və onun böyük potensialı var.
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tərəfindən Bakıda imzalanmış birgə mətbuat bəyanatı Azərbaycan-Aİ münasibətlərində yeni bir strateji mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Bu mühüm sənəd təkcə ikitərəfli əlaqələrin mövcud vəziyyətini deyil, həm də gələcək tərəfdaşlığın genişmiqyaslı yol xəritəsini özündə ehtiva edir. Bakı görüşü tərəflər arasında son dövrlər müşahidə olunan yüksəksəviyyəli siyasi dialoqun məntiqi davamı olmaqla yanaşı, regionun təhlükəsizlik arxitekturasında Azərbaycanın artan rolunu bir daha təsdiqləyir. Bəyanatda əksini tapan əsas məqamlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan tərəfdaşlıq sadəcə iqtisadi deyil, həm də dərin strateji xarakter daşıyır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və regional sabitliyin qorunması məsələlərində üst-üstə düşən maraqlar bu əməkdaşlığı daha da sarsılmaz edir. Prezidentlərin vurğuladığı kimi, bu tərəfdaşlıq təkcə Cənubi Qafqazda deyil, həm də Qara dəniz hövzəsi və Mərkəzi Asiya regionlarında davamlı inkişafın, təhlükəsiz daşımaların və uzunmüddətli sülhün təmin olunması üçün əsas hərəkətverici qüvvəyə çevrilmişdir. Prezidentlər münasibətlərin mərkəzində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dayandığını xüsusi qeyd ediblər. Bu, Azərbaycan ilə Aİ arasındakı əlaqələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə tam sadiqlik ruhunda inkişaf etdiyinin rəsmi təsdiqidir. Qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq bu münasibətlərin sarsılmaz fundamentini təşkil edir. Bakıda imzalanan bu tarixi bəyanat Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətləri sadə tərəfdaşlıq formatından çıxararaq, onu həm hüquqi, həm də regional təhlükəsizlik baxımından strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Prezident İlham Əliyev və Antonio Koşta tərəfindən ifadə olunan mövqe tərəflərin gələcək onilliklər üçün vahid baxış bucağına malik olduğunu göstərir. Bəyanatın ən mühüm bəndlərindən biri Cənubi Qafqazın gələcək mənzərəsinə dair ortaq strateji hədəfdir. Prezidentlər ayırıcı xətlərdən və münaqişə ritorikasından uzaq, dinc, qarşılıqlı əlaqəli və inkişaf edən bir regionun qurulmasına sadiqliklərini nümayiş etdiriblər. Bu kontekstdə Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş tarixi irəliləyişlər, xüsusilə 2025-ci ilin avqustunda baş tutan Vaşinqton Zirvə Görüşünün nəticələri yüksək qiymətləndirilib. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib. Bu dəstək regionda davamlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunmasında Azərbaycanın konstruktiv rolunun beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.

























