image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583696733_1390830749063366_5098570807494125661_n

Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır

image-legitimaz-810x90

Azərbaycan və Özbəkistan münasibətləri təkcə siyasi və mədəni sahələrdə deyil, həm də enerji sektorunda dərin və strateji əməkdaşlıqla səciyyələnir. Son illər enerji təhlükəsizliyi, yaşıl enerji və regional inteqrasiya məsələləri dövlətlərimiz arasında əməkdaşlığın əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Azərbaycan və Özbəkistan neft-qaz sənayesində, neft-kimya sahəsində və bərpa olunan enerji mənbələrinin inkişafında birgə addımlar ataraq həm ikitərəfli münasibətləri möhkəmləndirir, həm də regionda yeni enerji xəritəsinin formalaşmasına töhfə verirlər.

Azərbaycanın enerji sektoru uzun illərdir regionda sabitlik və inkişafın mühüm dayaqlarından biridir. Özbəkistanla enerji sahəsində əməkdaşlıq bu sahədə qazanılan təcrübənin bölüşülməsinə, yeni texnologiyaların tətbiqinə və enerji bazarlarının diversifikasiyasına xidmət edir. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR – bu əməkdaşlığın əsas aparıcı qüvvələrindən biridir. SOCAR-ın Özbəkistana neft məhsulları və neft-kimya məhsullarını ixrac etməsi enerji ticarətində böyük rol oynayır. Bu ixrac əlaqələri iki ölkənin enerji sektorlarının qarşılıqlı inteqrasiyasını artırır və iqtisadi əməkdaşlığa əlavə dəyər qatır.

Enerji sahəsində uğurlu nümunələrdən biri 2016-cı ildən fəaliyyət göstərən “Neftegaztexnologiya” birgə müəssisəsidir. Müəssisə Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutu və Azərbaycanın “SOCAR NIPI Nefteqaz” elmi-tədqiqat mərkəzinin birgə bazasında yaradılıb. Bu müəssisə neft-qaz yataqlarının tədqiqi, hasilat texnologiyalarının təkmilləşdirilməsi, rəqəmsal nəzarət sistemlərinin tətbiqi kimi sahələrdə fəaliyyət göstərir. Birgə müəssisənin uğurlu fəaliyyəti Azərbaycan və Özbəkistan arasında elmi-texnoloji əməkdaşlığın yüksək səviyyədə olduğunu, enerji sahəsində davamlı yeniliklərin tətbiqi üçün güclü baza mövcudluğunu sübut edir.

Energetika sahəsində əməkdaşlığın ən müasir istiqamətlərindən biri yaşıl enerji və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Azərbaycanın geniş külək və günəş potensialı, Özbəkistanın böyük enerji infrastruktur imkanları və hər iki ölkənin yaşıl gündəm üzrə öhdəlikləri bu sahədə geniş əməkdaşlıq perspektivləri açır.

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan bir sıra strateji sənədlər bərpa olunan enerji mənbələrinin inkişafına və regional enerji inteqrasiyasına mühüm təkan verib. Bu sənədlər həm enerji sistemlərinin bir-biri ilə əlaqələndirilməsi, həm də yaşıl enerji ixracı üçün vahid platformanın yaradılmasını hədəfləyir.

Bu əməkdaşlıq təkcə Azərbaycan və Özbəkistan üçün deyil, bütün Mərkəzi Asiya və Xəzər regionu üçün strateji əhəmiyyət daşıyan yeni enerji mərhələsinin əsasını qoyur.

Azərbaycan və Özbəkistan qlobal enerji keçidi prosesində fəal iştirak edir. Hər iki ölkə karbon emissiyalarının azaldılmasını, enerji səmərəliliyinin artırılmasını və ekoloji təmiz texnologiyaların tətbiqini qarşıdakı illər üçün prioritet sayır.

Bu baxımdan yaşıl enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi fayda gətirmir, həm də ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf üçün mühüm töhfə verir.

Bu əməkdaşlıq gələcəkdə daha geniş layihələrlə davam edəcək və Xəzər–Mərkəzi Asiya regionunun enerji xəritəsini müasir tələblərə uyğun formada yenidən formalaşdıracaq.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki