Bəzi iddialara görə, bu görüş tamamilə təsadüfidir. Digərləri isə düşünür ki, bu əlsıxma prosesi əvvəlcədən planlaşdırılıb və məqsəd görüntü yaratmaq olub.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Pekindəki görüşünü şərh edərkən deyib.
Ekspertin fikrincə, görüş kifayət qədər maraqlı və simvolik xarakter daşıyır:
“Görüşün qeyri-rəsmi və formal tərzdə baş tutması həm liderlər arasında, həm də ümumilikdə Rusiya-Azərbaycan münasibətlərində səmimiyyətin və istiliyin olmadığını göstərir. Məhz bu təəssürat fonunda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun verdiyi açıqlama – “əsaslı ünsiyyət olmayıb” fikirləri xüsusi diqqət çəkir. Əks halda, Peskov niyə çıxıb belə açıqlama verməyə ehtiyac duysun ki? Bu açıqlama bir növ Rusiya tərəfinin narazılığını və Azərbaycana yönəlmiş bəzi gözləntilərini dolayı yolla ifadə etmək cəhdidir.
Hadisənin digər diqqət çəkən tərəfi isə İran Prezidenti Məsud Pezeşkianın İlham Əliyevə yönəltdiyi “barışdınız?” sualı oldu. Sualın konkret olaraq kiminlə və ya hansı ölkə ilə münasibətlərə aid olduğu bəlli deyil. Amma bu sual Rusiya ilə bağlı ola bilər.
Bütün bu detalları bir yerə topladıqda aydın olur ki, sadə bir salamlaşma əslində ciddi diplomatik fon və gizli mesajlar daşıya bilər. Kreml bu salamlaşmadan dərhal sonra ictimaiyyətə “vacib görüş olmayıb” mesajı verməklə həm mövqeyini qoruyur, həm də münasibətlərdə hələ də müəyyən gərginliklərin mövcud olduğunu göstərir.
Nəticə olaraq, Rusiya-Azərbaycan münasibətlərinin səmimi strateji tərəfdaşlıq mərhələsinə keçməsi üçün hələ zaman tələb olunur”.