“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi.
Bu hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr – Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar yalnız tarixi hadisələrin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə dövlətçilik iradəsinin əhəmiyyətini aşılayan mühüm addımdır.
Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.
Bundan başqa, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin milli kimliyinin, hüquqi-siyasi dayaqlarının möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan suveren dövlət kimi dünya birliyində layiqli mövqe tutur.
Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimiz üzərində tam nəzarət bərpa olunub. Bu, ölkəmizin iqtisadi inkişafına, regional və beynəlxalq əməkdaşlıqda mövqelərinin güclənməsinə, xalqımızın rifahına geniş imkanlar açır. Azərbaycan xalqı bu nailiyyətləri qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin müqəddəs qanı bahasına əldə edib. Dövlət suverenliyi xalqımızın ən böyük sərvəti, milli dövlətçiliyimizin təminatıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın milli tarixində yeni bir mərhələni ifadə edir.
Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
Bu gün dövlətimizin tam müstəqilliyini, xalqımızın iradəsini, beynəlxalq hüququn üstünlüyünü təsdiq edir. Azərbaycan xalqı bu günlə qürur duyur, gələcəyə inamla baxır və dövlət suverenliyini daim qoruyacağına əmindir.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva