“Dəmir yumruq” əməliyyatı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Şuşa şəhərinin işğaldan azad edilməsi uzun illər davam edən həsrətin sona çatması, ədalətin və tarixi haqqın bərpası idi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xəyal kimi görünən arzunu reallığa çevirdi. Noyabrın 8-də işğaldan azad edilən Şuşa xalqımızın milli iradəsinin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin təntənəsinə çevrildi. Şuşa əməliyyatı Vətən müharibəsinin ən çətin, eyni zamanda ən qürurlu mərhələsi idi. Ordumuz dağlıq və sıldırım relyefdən keçərək düşməni strateji əhəmiyyət daşıyan şəhərdən çıxardı və bununla da Qarabağ Zəfərinin ən ali məqamını yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbə danışıqlar masasında deyil, məhz döyüş meydanında qazanıldı. Şuşanın azadlığı ilə xalqın milli qüruru özünə qayıtdı. Şuşa Zəfəri ilə xalqımızın birliyi, ordumuzun gücü, dövlətimizin siyasi iradəsi bütün dünyaya nümayiş etdirildi. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. 2020-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirdi. “Dəmir yumruq” gücümüzlə yanaşı, milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Ölkə Prezidenti İlham Əliyev düşmənin başı üstündə tutduğu yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi. Bu birlik sayəsində qazandığımız Qələbə milli varlığımızı, kimliyimizi, milli ruhumuzu yaşadır, əbədi edir. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.






















