Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyəti başçılarını qəbul etməsi, təkcə kadr təyinatı prosesi deyil, həm də dövlət idarəetməsində etik, sosial və siyasi keyfiyyətlərinin yenilənməsinin növbəti mərhələsini təsdiqlədi. Cənab Prezidentin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” sözləri, bir tərəfdən yeni təyin olunan rəhbərlərə olan inamın ifadəsidirsə, digər tərəfdən xidmət fəlsəfəsinə çağırış kimi səsləndi. Cənab Prezident İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub. Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.
Ümumən məmur-vətəndaş münasibətləri ilə bağlı ölkə mənzərəsinə nəzər saldıqda, ürəkaçan tablo ilə qarşılaşırıq. Bu gün cənab Prezident yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamını təmin edir. Bütün şəhərlərdə, kəndlərdə içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir. Azərbaycan Respublikasında regional inkişaf, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərindən birini təşkil edir. Regional inkişafın sürətləndirilməsi yalnız iqtisadi göstəricilərin artırılmasını deyil, həm də yerli idarəetmənin keyfiyyətinin köklü şəkildə yüksəldilməsini nəzərdə tutur. Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev






















