Bütün 30 il ərzində ermənilər öz işğalçı siyasətlərini davam etdirmişdir
XX yüzillikdə ermənilərin Azərbaycana açıq formada ərazi iddiaları milyonlarla azərbaycanlının taleyinə ağır zərbə vuraraq dəhşətli faciələrdən biri kimi dünyanın tarixinə yazılıb. 1905-1906-cı illər, 1918-1920-ci illər, 1948-1953-cü illərdə ermənilər ərazi iddiaları ilə etnik zəmində təxribatlar, terrorlar, soydaşlarımızı zorla öz yaşadıqları tarixi torpaqlardan qovmaq, deportasiya, soyqırım və qətliamlar törətmişlər.
Azərbaycana məxsus Dağlıq Qarabağı zorakılıqla Ermənistana birləşdirmək istəmişdilər. 1980-ci illərin sonlarında isə SSRİ mərkəzi hakimiyyətinin zəifləməsi ilə real məqsədyönlü fəaliyyət başlanmış, Ermənistanın müxtəlif şəhər və rayonlarından, o cümlədən öz tarixi torpaqlarımızdan azərbaycanlılar 250000-dən çox soydaşımız zorakılıqla qovulmuş, ağır işgəncələrə, əzab-əziyyətlərə məruz qalmış, bu zaman qocalara, qadınlara, uşaqlara aman verilməmiş, ağır qaçqınçılıq şəraitində minlərlə azərbaycanlı fiziki sarsıntı və mənəvi iztiraba dözməyərək həlak olmuşdur. Azərbaycana qarşı aparılan bu düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanından etibarən ermənilər tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülüb və bununla da Azərbaycan toponimləri dəyişdirilib, tariximizə milli – mənəvi və mədəni dəyərlərimizə qarşı saxtalaşdırma, hətta, məhvetmə prosesləri başladılıb.
Kökündə rəsmi İrəvanın “dənizdən-dənizə Ermənistan” xülyası kimi sərsəm ideya dayanan bu düşmənçilik nəticəsində 1948-1956-cı illərdə öz tarixi torpaqlarımızdan 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən 300 000-ə yaxın azərbaycanlı yenə də öz tarixi və doğma torpaqlarından vəhşiliklə qovulmuş və beləliklə, Ermənistan monoetnik dövlətə çevrilmişdir. Artıq 1988-ci ildən ermənilərin sərsəm ideyası özünü 1 milyondan çox qaçqın və məcburi köçkün, şəhərlərin, kəndlərin dağıdılması, günahsız insanların ölümü şəklində biruzə verməkdə idi. Düz 30 il ərzində azərbaycanlıların həm mənəviyyatına, həm ölkənin iqtisadiyyatına, tarixinə, milli-mədəni irsinə ağır zərbə vurulmuş, misilsiz mədəniyyət abidələri məhv edilmiş, ermənilər tərəfindən qədim Azərbaycan torpaqları, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 ekoloji) 282 ölkə əhəmiyyətli (119 memarlıq, 173 ekoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental, xatirə abidələri), 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri erməni vandalizminə məruz qalmış, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.
Bütün 30 il ərzində ermənilər öz işğalçı siyasətlərini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, mütəmadi cəbhə boyu dinc əhalini atəş altında saxlamış, yalan riyakarlıq dolu ikiüzlü siyasətlə beynəlxalq aləmə özlərini məzlum bir xalq kimi tanıtmağa çalışmışdır. Halbuki hərbi təcavüzlər nəticəsində erməni silahlı qüvvələri tərəfindən hərbi və mülki şəxs arasında heç bir fərq qoyulmadan etnik təmizləmə və soyqırım nəticəsində təkcə Azərbaycan deyil, insanlığın tarixinə Meşəli Malıbəyli, Başlıbel, Quşçular, Qaradağlı, Xocalı, Ağdaban, Bağanıs Ayrım kimi kütləvi və amansız şəkildə dinc əhalinin divanı yazılmışdır. 1 milyondan artıq qaçqın, 20000 nəfərdən çox azərbaycanlı öldürülmüşdür. 50000 nəfərdən çox əlil, 3890 nəfər itkin, 872 nəfər əsir və ya girov götürülmüşdür.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc